Tbilisinin yay bağçalarında uşaqların qeydiyyatı 8 iyun tarixində başlayacaq
Tbilisinin yay bağçalarında uşaqların qeydiyyatı 8 iyun saat 10:00-dan başlayacaq – bu barədə paytaxt meri Kakha Kaladze Tbilisi bələdiyyə hökumətinin iclasında bildirib.
Onun sözlərinə görə, yay dövründə 54 uşaq bağçası fəaliyyət göstərəcək və təxminən 19 500 uşaq qəbul ediləcək.
“Mən Tbilisi meriyasının sosial layihəsi olan yay bağçalarına uşaqların qeydiyyatı barədə məlumat vermək istəyirəm.
Bildiyiniz kimi, uşaq bağçalarında tədris ili 30 iyunda başa çatır, 1 iyuldan isə bütün ay ərzində yay bağçaları fəaliyyət göstərəcək. Bu il Tbilisidə 54 yay bağçası işləyəcək və orada təxminən 19 500 uşaq qəbul olunacaq.
Qeydiyyat elektron qaydada Tbilisi Uşaq Bağçalarının İdarəetmə Agentliyinin saytında – www.kids.org.ge aparılacaq. Qeydiyyat 8 iyun saat 10:00-da başlayacaq və 21 iyuna qədər davam edəcək”, – deyə paytaxt meri bildirib.
Onun məlumatına görə, proqramdan Tbilisi bağçalarında qeydiyyatda olan 2–6 yaşlı uşaqlar, o cümlədən sentyabrda bağçanı bitirib məktəbə gedəcək uşaqlar da yararlana biləcəklər.
“Artıq illərdir bu sosial layihəni həyata keçiririk. Yay bağçalarına tələbat həmişə yüksək olur, çünki işləyən Tbilisi sakinlərinin böyük hissəsi iyul ayında şəhəri tərk edə bilmir.
Bundan əlavə, bu layihə bağçalarda çalışan əməkdaşlar üçün də vacibdir, çünki onlar yay bağçalarında işlədiklərinə görə əlavə maaş alacaqlar. Bu il yay bağçalarında 3 900 əməkdaş çalışacaq”, – deyə Kakha Kaladze qeyd edib.
Yay bağçalarının siyahısı Tbilisi Uşaq Bağçalarının İdarəetmə Agentliyinin saytında yerləşdirilib.