Tbilisinin Politkovskaya küçəsində “Polis şəhəri”nin tikintisinə başlanılıb
Qərarımıza əsasən, biz min nəfərdən çox polis üçün nəzərdə tutulan “Polis şəhəri”nin tikintisinə başladıq, – Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili bildirib.
İrakli Ğaribaşvilinin qeyd etdiyinə əsasən, artıq işlərə başlanılıb və tikinti şirkəti bildirir ki, işlər təxminən iki ilə başa çatacaq və min nəfər polisə mənzil veriləcək.
Onun sözlərinə görə, layihənin dəyəri təxminən 125 milyon lari təşkil edir.
“Mən çox şadam ki, Vaxtanq Qomelauri ilə birlikdə çox mühüm tədbirdə iştirak etdim. Bildiyiniz kimi, biz qərarımızla mindən çox polis üçün nəzərdə tutulan “Polis şəhəri”nin tikintisinə başladıq. Artıq işlər başlayıb, tikinti şirkəti bizə söz verir ki, təxminən iki ilə işlər yekunlaşacaq və min nəfər polisə mənzil verəcəyik.
Polislər simvolik qiymət ödəyəcəklər, hər kvadratmetr üçün təxminən 300 lari olacaq, qalan xərclər tam olaraq dövlət, nazirlik tərəfindən ödəniləcək. Qürurlu qəhrəman polislərimizə bildirmək istəyirəm ki, bu layihə birdəfəlik layihə olmayacaq, gələcəkdə “Polis şəhərləri”nin tikintisi davam edəcək. Arzumuz budur ki, buna qanunvericilik səviyyəsində təminat verilsin.
Hər şeyə görə, ölkəmizi, ölkəmizin təhlükəsizliyini, vətəndaşlarımızı qoruyan qəhrəman, qürurlu polislərimizə bir daha təşəkkür etmək istəyirəm. Hökumətimizin polislərimiz üçün ən yaxşısını etmək öhdəliyidir, mən bir daha cənab Vaxtanqa və hər bir polisə təşəkkür edirəm”, – Ğaribaşvili bildirib.
Tbilisidə, Politkovskaya küçəsində bu gün “Polis şəhəri”nin tikintisinin təməli qoyulub.