Tbilisinin Nəqliyyat Şirkətinin internet saytı və mobil tətbiqi yenilənib
Yenilənmiş internet saytı və mobil tətbiq ilə artıq ictimai nəqliyyatla səfər planlaşdırmaq mümkündür. Məlumatı Tbilisi Meriyası yayır.
“Tbilisinin Nəqliyyat Şirkətinin saytı təkmilləşdirilmiş xidmətlərlə yanaşı, yeni funksionallıq və dizaynla təqdim olunub. Sərnişin xidmətlərinin təkmilləşdirilməsi məqsədilə yeni xidmətlərin və artıq mövcud xidmətlərin inkişafı layihəsi çərçivəsində şirkət istifadəçilərə Android və İOS platformalarında işləyən smartfonlar üçün mobil tətbiq də təklif edir.
Bu mobil tətbiq istifadəçiyə şirkətin ictimai nəqliyyatın sərnişinlərinə təklif etdiyi bütün xidmətlərdən mobil telefonda yararlanmaq imkanı verir. Konkret olaraq, vətəndaşlar real vaxt rejimində səfərləri planlaşdıra və ictimai nəqliyyatın hərəkətini yoxlaya biləcəklər. Mobil tətbiqin yeni versiyasında vətəndaşlara avtobusların faktiki yeri nəzərə alınmaqla tərtib edilən müxtəlif marşrutlar üzrə alternativlər də təklif olunur.
Yenilənmiş dizayn və funksionallığı nəzərə alaraq, səyahətin başlanğıc və son nöqtələrinə uyğun olaraq şəhər miqyasında hərəkəti planlaşdırmaq mümkündür. Saytda həmçinin qrafiklər, marşrutlar və dayanacaqlar haqqında ətraflı məlumat verilir.
Tbilisinin Nəqliyyat Şirkətinin saytında ətraflı məlumat əldə edə və mobil tətbiqi yükləyə biləcəksiniz” – Tbilisi Meriyasının məlumatında qeyd olunur.