Tbilisinin ictimai uşaq bağçalarında qeydiyyatın birinci mərhələsi iyulun 10-da başlayacaq
Tbilisinin ictimai uşaq bağçalarında qeydiyyatın birinci mərhələsi iyulun 10-da başlayacaq

 

Tbilisinin ictimai uşaq bağçalarında 2023-2024-cü tədris ili üçün qeydiyyat başlayır.

Tbilisi meri Kaxa Kaladzenin bu gün paytaxt hökumətinin iclasında bildirdiyi kimi, qeydiyyat Tbilisi uşaq bağçalarının idarəedici agentliyinin www.kids.org.ge saytında üç mərhələdə, elektron şəkildə aparılacaq.

“Birinci mərhələ iyulun 10-da saat 10:00-da başlayacaq və iyulun 16-sı saat 00:00-a kimi davam edəcək. Birinci mərhələdə hədəf sosial qrupunu təmsil edən uşaqlar qeydiyyata alınacaqlar: a) sosial cəhətdən həssasların vahid məlumat bazasında reytinq balı 100 000 baldan çox olmayan sosial cəhətdən həssas ailələrin uşaqları; b) xüsusi təhsilə ehtiyacı olan uşaqlar; q) uşaq evinin benefisiarları; d) tək valideynin uşağı; e) çoxuşaqlı ailənin uşaqları və/və ya övladlığa götürülmüş uşaqları; v) hərbi qulluqçuların uşaqları; z) ictimai uşaq bağçalarında işləyən işçilərin uşaqları; İkinci mərhələdə Tbilisi Munisipalitetinin ərazisində qeydiyyatda olan uşaqlar qeydiyyata alınacaq”- deyə Kaxa Kaladze açıqlayıb.

O, qeydiyyatın ikinci mərhələsinin iyulun 17-də saat 10:00-da başlayacağını və iyulun 24-ü saat 00:00-dək davam edəcəyini bildirib.

Üçüncü mərhələyə gəlincə, Tbilisi meri iyulun 25-də saat 10:00-da başlayacaq ümumi qeydiyyatı nəzərdə tutduğunu bildirib.

“Sentyabrın 18-də dərs ilinin əvvəlində iki yaşı tamam olacaq bütün uşaqlar qeydiyyatdan keçə biləcəklər. Əgər valideyn hansısa səbəbdən uşağı elektron qeydiyyatdan keçirə bilmirsə, o, istədiyi uşaq bağçasına müraciət edə bilər” – deyə Kaxa Kaladze açıqlayıb.