Tbilisinin dairəvi yolunun daha iki hissəsinin tikintisi üçün beynəlxalq tender elan edilib
Gürcüstanın İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamenti Tbilisinin dairəvi yolunun 4-cü və 5-ci lotlarının tikintisi üçün beynəlxalq tender elan edib
Avtomobil Yolları Departamentinin məlumatına görə, 4-cü lot təxminən 8.7 km-lik hissəni əhatə edir və Tbilisinin dairəvi yolunu Loçini nəqliyyat qovşağı ilə birləşdirəcək. 5-ci lot isə 10.2 km uzunluğunda olub, dairəvi yolun cənub hissəsini təşkil edir.
Bu hissə E60 beynəlxalq avtomagistralını (Azərbaycan istiqaməti) Kaxeti şosesi ilə birləşdirəcək və Rustavi, Tbilisinin şərq hissəsi, hava limanı və yeni sənaye zonaları arasında sürətli və təhlükəsiz əlaqə yaradacaq.
Departamentin məlumatında qeyd olunur ki, Tbilisinin dairəvi yolu Şərq–Qərb beynəlxalq magistralının (E60) mühüm hissəsidir və həm Gürcüstanın tranzit funksiyasının gücləndirilməsinə, həm də paytaxtın nəqliyyat yükünün azaldılmasına xidmət edir.
Layihənin həyata keçirilməsi tranzit axınlarının artmasına, yol vaxtının azalmasına, regional və beynəlxalq əlaqələrin yaxşılaşmasına və nəqliyyat dəhlizlərinin buraxıcılıq qabiliyyətinin yüksəldilməsinə töhfə verəcək.
Xüsusilə Tbilisi beynəlxalq hava limanı, Rustavi sənaye zonası və Kaxeti istiqamətində hərəkətin daha səmərəli olacağı bildirilir.
Maraqlanan şirkətlər öz təkliflərini ingilis dilində ən geci 3 avqust 2026-cı il saat 16:00-a qədər Avtomobil Yolları Departamentinə təqdim etməlidirlər.
Tikinti müddəti 4-cü lot üzrə 30 ay, 5-ci lot üzrə isə 20 ay nəzərdə tutulub.
Layihə Asiya İnkişaf Bankının maliyyə dəstəyi və Gürcüstan hökumətinin birgə maliyyələşdirilməsi ilə həyata keçiriləcək.
Tbilisinin dairəvi yolu (Natakhtari/Tsitsamuri–Rustavi) ümumilikdə təxminən 49 km uzunluğundadır və bir neçə lot üzrə inşa edilir. Hazırda 2-ci və 3-cü lotlar üzrə tender prosedurları davam edir.