Tbilisidə keçirilən aksiyalarda inzibati qaydada 46 nəfər saxlanılıb
Tbilisidə keçirilən aksiyalarda inzibati qaydada 46 nəfər saxlanılıb

 

Tbilisidə, müxtəlif inzibati binalar qarşısında keçirilən aksiyalar zamanı ümumilikdə polislər tərəfindən 46 nəfər saxlanılıb-bu barədə DİN-nin məlumatında qeyd olunur.

“İctimaiyyətə məlum olduğu üzrə, Tbilisidə müxtəlif inzibati binaların qarşısında etiraz aksiyaları keçirilir. Aksiya iştirakçılarının sərbəst toplaşmaq və ifadə azadlığı çərçivəsindən çıxdığı, eləcə də inzibati binaların girişlərini bağlamağa cəhd göstərdiyi yerlərdə polis tərəfindən inzibati qaydada 46 nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyi vətəndaşlarımızın Gürcüstan Konstitusiyası ilə təmin edilmiş dinc toplaşma və manifestasiya keçirmək hüququnu qoruyur. Eyni zamanda qeyd edilməlidir ki, “Dinc Toplaşma və Manifestasiya haqqında” Gürcüstan qanununa əsasən, inzibati orqanların binalarının girişini bağlamaq və onların fəaliyyətinə maneəçiliklər törətmək qadağandır.

Əvvəlki günlərdə də olduğu kimi, bu gün də Daxili İşlər Nazirliyinin əməkdaşları təhlükəsizlik ölçülərindən irəli gələrək və hadisələrin süni şəkildə eskalasiyasının qarşısını almaq məqsədilə səfərbər edilərək, ictimai asayişi qoruyurlar” – deyə Daxili İşlər Nazirliyinin məlumatında bildirilib.

Daxili İşlər Nazirliyi aksiya iştirakçıları və siyasi liderləri Gürcüstan Konstitusiyasını qorumağa, polislərin fəaliyyətinə hörmət etməyə, dinc aksiyanın qanunla müəyyən edilmiş çərçivəsindən  kənara çıxmamağa, polisin tələbinə tabe olmağa və ictimai asayişi qorumağa çağırır.

“İstənilən qanun pozuntusu faktının polis tərəfindən dərhal qarşısı alınacaq və müvafiq hüquqi cavab veriləcək”, – deyə Daxili İşlər Nazirliyindən bildirilib.