Tbilisidə illik beynəlxalq konfrans keçirilir
Tbilisidə illik beynəlxalq konfrans keçirilir

 
Tbilisidə “Putinizmin məğlubiyyəti” adlı illik beynəlxalq konfrans keçirilir.

Konfransa Makkeyn Beynəlxalq Liderlik İnstitutu, Corc Buş İnstitutu və İqtisadi Siyasət Araşdırmaları Mərkəzi ev sahibliyi edir. Avropalı və amerikalı siyasətçilər və diplomatlar iştirak edirlər.

Corc Buş İnstitutunun Qlobal Siyasət direktoru və ABŞ dövlət katibinin keçmiş köməkçisi Devid Kramerin jurnalistlərə açıqladığı üzrə, konfrans artıq səkkizinci ildir keçirilir və bu konfransa gələn hər kəs Gürcüstanın tərəfdarı və dostudur.

“Biz gürcü xalqı ilə, Gürcüstanın demokratik islahatları ilə həmrəy olduğumuzu bildirmək istəyirik və təbii ki, Gürcüstan Ukrayna ilə birlikdə, bu regionun bir çox başqa ölkələri ilə Moskvanın ciddi təhlükəsi altındadır və bu, bu region ölkələrinə nəzarət etməyə, onların müstəqilliyini, suverenliyini inkar etməyə çalışan Putindən qaynaqlanır. Biz Ukraynanın, Belarusun, Ermənistanın, Azərbaycanın, Moldovanın və təbii ki, Gürcüstanın müstəqilliyinə dəstəyimizi ifadə etmək istəyirik” – deyə Devid Kramer açıqlayıb.

Əsas mövzuları Ukrayna müharibəsi, NATO və Avropa İttifaqının gələcəyi, Putinizmə qarşı siyasətin işlənib hazırlanması olan iki günlük konfransın bu gün rəsmi açılışı baş tutub. Konfrans iştirakçıları dünən işğal xəttində olublar, vəziyyətlə yerində tanış olublar.