Daxili İşlər Nazirliyinin Tbilisi Polis İdarəsinin əməkdaşları həyata keçirilmiş əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində Tbilisidə baş vermiş qətl hadisəsi ilə əlaqədar qəsdən adam öldürməyə görə və xüsusilə ağır cinayət haqqında məlumat vermədiyi üçün 4 nəfəri saxlayıblar.
Daxili İşlər Nazirliyinin məlumatına əsasən, ağırlaşdırıcı hallarda qəsdən adam öldürmə ittihamı ilə 1993-cü il təvəllüdlü İ.B., xüsusilə ağır cinayət haqqında məlumat vermədiyi üçün isə : 1987-ci il təvəllüdlü Q.B., 1988-ci il təvəllüdlü C.P. və 1987-ci il təvəllüdlü D.M. saxlanılıb. Cinayət 20 ilədək və ya ömürlük həbs cəzasını nəzərdə tutur.
“İstintaqla müəyyən edilib ki, Tbilisidə cari ilin oktyabrın 20-də sərxoş vəziyyətdə olan təqsirləndirilən şəxs keçmişdə mövcud münaqişə zəminində 1997-ci il təvəllüdlü T.P.-yə odlu silahdan bir neçə dəfə atəş açıb. Aldığı xəsarətlər nəticəsində T.P. yerindəcə dünyasını dəyişib, cavab atəşi nəticəsində isə İ.B. yaralanıb və xəstəxanaya yerləşdirilib, ona müvafiq tibbi yardım göstərilir.
Həmçinin, istintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxsin dostları – Q.B., C.P. və D.M. hadisənin şahidi olublar, lakin cinayət barədə hüquq-mühafizə orqanına məlumat verməyiblər.
İstintaq Cinayət Məcəlləsinin 109 və 376-cı maddələri ilə aparılır, bu da ağırlaşdırıcı şəraitdə törədilmiş qəsdən adam öldürmə və xüsusilə ağır cinayət haqqında məlumat verməməyi nəzərdə tutur” – Daxili İşlər Nazirliyinin məlumatında qeyd olunub.