Tbilisi Meriyasının məlumatında illərdir yaşayış sahələrinin qanuniləşdirilməsi problemindən əziyyət çəkən vətəndaşlar üçün yaşayış sahələrinin simvolik qiymətə 1 lariyə verildiyi deyilir.
Bu gün Tbilisi meri Kaxa Kaladze və Əmlakın İdarə Olunması Agentliyinin rəhbəri İrakli Tavartkiladze Nadzaladevi rayonunda yaşayan 66 ailəyə mülkiyyəti təsdiq edən sənədləri veriblər.
“Nadzaladevi rayonunda 66 ailəyə mülkiyyəti təsdiq edən şəhadətnamələri vermək imkanımız oldu. Bunlar illərdir bu yaşayış sahələrində məskunlaşan və bəzi problemlərə görə onları qanuniləşdirə bilməyən ailələrdir. 2017-ci ildə biz bu cür ailələrə mövcud sahələri qanuniləşdirməyə kömək edən çox yaxşı bir proqrama başladıq. Bunlar dövlətin mülkiyyətində olan sahələrdir. Bu günə olan vəziyyətə görə dəyəri 3 milyon laridən artıq olan əmlak xüsusi mülkiyyətə keçib. Mən bütün belə ailələri təbrik etmək istəyirəm” – deyə Kaxa Kaladze açıqlayıb.
Bununla yanaşı, Tbilisi meri oxşar problemləri olan ailələri yaşayış sahələrinin leqallaşdırılması üçün tələb olunan prosedurlar və sənədlər haqqında ətraflı məlumat ala biləcəkləri yerli icra orqanlarına müraciət etməyə çağırıb.
Meriyadan verilən məlumatda layihə çərçivəsində bu mərhələdə 2000-dən çox ailənin yaşayış sahəsi ilə təmin olunduğu deyilir. Meriyaya qanuniləşdirmə tələb edənlərin yüzlərlə müraciəti daxil olub və onlara mərhələli şəkildə baxılaraq təsdiq edilir.
Tədbirdə Tbilisi meri ilə birlikdə Nadzaladevi rayonunun icra başçısı İrakli Andğuladze və Sakrebulo deputatları iştirak ediblər.