Tbilisidə bəstəkar Aram Xaçaturyanın xatirə lövhəsinin açılışı olub
Tbilisidə bəstəkar Aram Xaçaturyanın xatirə lövhəsinin açılışı olub

 
Tbilisi sakrebulosunun dəstəyi və Ermənistan Respublikasının Gürcüstandakı səfirliyinin təşəbbüsü ilə Tbilisidə məşhur bəstəkar Aram Xaçaturyanın xatirə lövhəsinin açılışı olub.

Xatirə lövhəsi Aram Xaçaturyanın 1906-1922-ci illərdə yaşadığı Uznadze küçəsi 93 ünvanında yerləşən binaya yerləşdirilib. Sözügedən məsələ Tbilisi sakrebulosunun Təhsil və Mədəniyyət Komissiyasında müzakirə edilib və müsbət tövsiyyə verilib.

Tbilisi sakrebulosunun sədri Qiorqi Tğemaladze və Ermənistan Respublikasının Gürcüstandakı səfiri Aşot Smbatyan görkəmli bəstəkarın xatirə lövhəsinin açılışını ediblər. Tədbirdə Tbilisi sakrebulosunun Təhsil və Mədəniyyət Komissiyasının sədri Kaxaber Labuçidze iştirak edib.

Tbilisi sakrebulosunun sədri Qiorqi Tğemaladze gürcü və erməni xalqlarının çoxəsrlik dostluğundan danışıb və bildirib ki, görkəmli bəstəkarın xatirə lövhəsinin açılışı bu dostluğun daha bir rəmzidir.

“Ermənistan Respublikasının Gürcüstandakı səfirliyi 20-ci əsrin dahi bəstəkarı, dirijoru və müəllimi Aram Xaçaturyanın xatirə lövhəsinin qoyulması üçün paytaxt sakrebulosuna müraciət edib. 19-cu əsrin sonlarına aid və 2007-ci ildən mədəni irs abidəsi statusu alan bu evdə məşhur bəstəkar Aram Xaçaturyan 1906-1922-ci illərdə yaşayıb. Xaçaturyan Gürcüstanda anadan olub və Tbilisi ilə bağlı xatirələri həyatı boyu onunla olub. Onun yaradıcılığında erməni xalq musiqisi ilə yanaşı, Tbilisi şəhər folklorunun da təsiri olmuşdur. Tbilisidə xatirə lövhəsinin açılışı gürcü və erməni xalqlarının çoxəsrlik sarsılmaz dostluğunun daha bir rəmzidir”- deyə Qiorqi Tğemeladze bildirib.

Ermənistan səfiri Aşot Smbatyan da öz növbəsində Ermənistan-Gürcüstan münasibətlərindən danışıb və bildirib ki, bugünkü tədbir həm Ermənistan, həm də Gürcüstan üçün vacibdir. Ermənistan səfiri Tbilisi sakrebulosuna göstərdiyi dəstəyə görə təşəkkür edib və gələcək əməkdaşlığa ümidvar olduğunu söyləyib.

“Bu gün biz görkəmli bəstəkar Aram Xaçaturyanın gəncliyini keçirdiyi binanın üzərində onun xatirə lövhəsinin açılışını etdik. Yaradıcılığının ilk addımlarını məhz Tbilisidə atsa da, Aram Xaçaturyanın yaradıcılığı dünya mədəniyyəti tarixində öz yerini tutmuşdur. Ona görə də bugünkü tədbir bizim üçün çox önəmlidir. Bu təşəbbüsü dəstəklədiyi üçün Tbilisi sakrebulosuna təşəkkür etmək istəyirəm”- deyə Aşot Smbatyan açıqlayıb.