Tbilisidə Azərbaycan və Gürcüstan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə həsr olunmuş elmi konfrans keçirilib
Tbilisidə Azərbaycan və Gürcüstan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə həsr olunmuş elmi konfrans keçirilib

Tbilisidə Azərbaycan və Gürcüstan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə həsr olunmuş “Azərbaycan – Gürcüstan: əsrlərin sinağından keçmiş dostluq irsi” adlı beynəlxalq elmi-praktiki konfrans keçirilib. AR Gürcüstandakı səfirliyi, Gürcüstanın Beynəlxalq Qafqaz Universiteti və Avrasiya Beynəlxalq İnkişaf Assosiasiyasının təşkilatçılığı ilə keçirilən tədbirdə azərbaycanlı və gürcü diplomatlar, alim və tədqiqatçılar iştirak ediblər.

Tədbirin açılışında Gürcüstan xarici işlər nazirinin birinci müavini Laşa Darsalia, Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, Gürcüstan Milli Muzeyinin baş direktoru Davit Lortkipanidze və Azərbaycan Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov təbrik nitqi ilə çıxış ediblər.

Konfransda Azərbaycan – Gürcüstan strateji tərəfdaşlığının dərin tarixi köklərə malik olduğu, iki xalq arasında dostluq bağlarının, gürcü və azərbaycanlıların qardaşlıq bünövrəsi üzərində qurulduğu qeyd edilib. Daha sonra azərbaycanlı və gürcü alimlər arasında ikitərəfli əlaqələrin tarixi, xüsusilə Azərbaycan və Gürcüstanın 20-ci əsrin əvvəlində və sonunda dövlət müstəqilliyi uğrunda mübarizə yolunda əməkdaşlığı, Cənubi Qafqazda sülh naminə tərəfdaşlıq haqqında akademik panel müzakirələri keçirilib. Azərbaycan və gürcü xalqlarının qarşılıqlı mədəni təsiri haqqında məruzələrlə çıxış edilib. Konfrans çərçivəsində iki ölkənin alimləri arasında birgə tədqiqat layihələrinin genişləndirilməsi, həmçinin Azərbaycan-Gürcüstan münasibətlərinin tarixi haqqında birgə elmi məcmuanın nəşri məqsədilə işçi qrup yaradıldı.

Azərbaycanın səfiri Faiq Quliyev, Azərbaycan və Gürcüstanın Cənubi Qafqazda sülh və sabitliyin təminatçıları olduğunu bildirir.

“Diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd edirik, lakin keçmişə nəzər salsaq, diplomatik əlaqələrimiz 104 il əvvəl Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə başlayıb. Bu il isə biz bu münasibətlərin bərpasını qeyd edirik. Azərbaycan ilə Gürcüstan arasında əlaqələr çox uğurla inkişaf edir. Bu istiqamətdə mövcud sənədlər, Gürcüstanda səfərdə olarkən Heydər Əliyev tərəfindən 1996-cı ildə imzalanıb. Bu sənədlər bizim strateji əməkdaşlığımızı, dostluğumuzu, qardaşlığımızı müəyyənləşdirdi. Həm siyasi, həm də iqtisadi baxımdan çox yaxşı münasibətlərimiz var. Azərbaycan və Gürcüstan Cənubi Qafqazda sülhün və sabitliyin təminatçılarıdır. Ölkələrimizin dünyada çox nümunəvi əlaqələri var. Bu gün bu tədbirdə iştirak edən hər kəsə təşəkkür etmək istəyirəm. Gələcək planlarımız göz qabağındadır. Biz ümumi layihələr həyata keçiririk. Bütün bunlar xalqımıza xidmət edir və əməkdaşlığımız gələcəkdə də davam edəcək və dərinləşəcək”- deyə Faiq Quliyev bildirib.

Laşa Darsalia , Gürcüstan və Azərbaycanı bir-biri ilə strateji tərəfdaşlığın birləşdirdiyini bildirir.

“Bildiyiniz üzrə, Azərbaycan bizim üçün mühüm qonşudur. Bu il biz diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünü qeyd edirik, bu hər iki ölkə üçün mühüm tarixdir. Bu 30 il ərzində əlaqələrimiz kifayət qədər dinamik inkişaf edirdi. Bizi bütün regionun inkişafı, regionun sabitlik və əməkdaşlıq məkanı kimi formalaşması üçün mühüm əsas olan Gürcüstanla Azərbaycan arasında strateji tərəfdaşlıq, əməkdaşlıq və əməkdaşlığın dərəcəsi birləşdirir. Gürcüstan və Azərbaycanın gələcək perspektivlərini bir sözlə xarakterizə etmək olar, bu, strateji tərəfdaşlıq və əməkdaşlıqdır” – deyə Laşa Darsalia bildirib.