Tbilisi Şəhər Məhkəməsində Kakulia qardaşlarının işi üzrə ilkin məhkəmə iclası keçirilib
Tbilisi Şəhər Məhkəməsində Kakulia qardaşlarının işi üzrə ilkin məhkəmə iclası keçirilib

 

Tbilisi Şəhər Məhkəməsində Davit və Quram Kakulia qardaşlarının işi üzrə ilkin məhkəmə iclası keçirilib. Prosesdə təqsirləndirilən şəxslər bildiriblər ki, onlar həbs edilərkən polislər kirayədə qaldıqları mənzilə silah qoyublar.

Prokuror Tamar Ğulcanişvili jurnalistlərə məsələ ilə əlaqədar açıqlama verib və qeyd edib ki, Qorqasali küçəsində kirayə mənzildə axtarış aparılarkən mənzilin sahibi, ekspertlər və polis əməkdaşları iştirak ediblər və onlar silahın yerləşdirildiyini təsdiqləmirlər.

Bununla yanaşı, bu gün keçirilən məhkəmə iclasında hakim müdafiə və ittihamçı tərəflərinin sübutlarını məqbul sayıb. Müdafiə tərəfi ittihamçı tərəfin bəzi sübutlarının qəbuledilməz elan edilməsini istəyib, lakin hakim vəsatəti rədd edib. Məsələnin müzakirəsi sentyabrın 12-də davam etdiriləcək.

Xatırladaq ki, Kakulia qardaşları mayın 30-da Ortaçalada hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıblar. Prokurorluq təqsirləndirilən şəxslər barəsində bir neçə maddə ilə ittiham irəli sürüb. Belə ki, onlar qəsdən adam öldürməyə cəhddə, sərhədi qanunsuz keçməkdə, qanunsuz silah əldə etmə-saxlamaq-gəzdirməkdə ittiham olunurlar.

Quram və Davit Kakulia günahlarını etiraf etmirlər.