Tbilisi Sakrebulosunun iclasında “Gürcü Arzusu” və müxalifət nümayəndələri arasında qarşıdurma baş verib
Tbilisi Sakrebulosunun iclasında sözlü və fiziki qarşıdurma baş verib. Mübahisə “Gürcü Arzusu”nun deputatı İrakli Xeladzenin bəyanatından sonra yaranıb.
Xeladze iclasda sakrebulonun müxalif deputatlarının oktyabrın 13-də Vake parkında baş vermiş faciədən divident qazanmağa və bu faktdan özləri üçün istifadə etməyə çalışdıqlarını bildirib. Bundan əlavə, hakim komandanın deputatı müxalif həmkarlarını spekulyasiyalarda ittiham edib.
Xeladzenin bu bəyanatı müxalifətin qıcıqlanmasına səbəb olub, bundan sonra da bir neçə dəqiqə ərzində Tbilisi Sakrebulosunun iclas zalında səs-küy və mübahisə baş verib.
Bu fakt səbəbilə sakrebulonun sədri deputatların sessiyada çıxışı prosedurunu dayandırmağa məcbur qalıb. Bundan sonra müxalifət iclas zalını tərk edib.