Tbilisi Sakrebulosunda Tolerantlıq Günü qeyd olunub [foto]
Tbilisi Sakrebulosunda Tolerantlıq Günü qeyd olunub [foto]

 

Tbilisi Sakrebulosunda Tolerantlıq Günü qeyd olunub. Tədbir Etnik Azlıqlar Şurasının təşəbbüsü ilə keçirilib.

Etnik azlıqların nümayəndələri etnik qrupa xas olan məişət və tarixi-maddi mədəniyyət nümunələrini təqdim etdikləri Tamar Mepe adına zalda 12 guşə təşkil ediblər .

Etnik azlıqların nümayəndələri təşəkkürnamələrlə təltif olunublar.

Tədbirdə paytaxtın meri Kaxa Kaladze, Tbilisi Sakrebulosunun üzvləri və diplomatik korpusun nümayəndələri iştirak ediblər.

Tbilisi meri dini, etnik və mədəni müxtəlifliyi əsas dəyər hesab edən bütün insanları Tolerantlıq Günü münasibətilə təbrik edib.

“Mən dini, etnik, mədəni müxtəlifliyin ölkəmizi gücləndirən əsas dəyər olduğunu hesab edən hər kəsi bugünkü gün münasibətilə təbrik etmək istəyirəm. Mən tarixi ekskursiyadan söz açmayacağam, Tbilisinin niyə ən tolerant şəhərlərdən biri hesab edildiyi onsuz da artıq hamıya məlumdur və dünya səviyyəsində tanınıb. Bu gün, bu şəraitdə, paytaxt munisipalitetinin rəhbər şəxsi kimi əcdadlarımızın bizə miras qoyduğu böyük tapıntının qayğısına qalmaq, qorumaq və yaşatmaq məsuliyyəti və borcunu hiss edirəm. Həmçinin gəlin infrastrukturun inkişafı, xidmətlərin əlçatanlığı, idman və mədəni həyatın tətbiqi baxımından istənilən məhəllədə, yaşayış məntəqəsi və rayonda tam bərabər mühitin yaradılmasına qayğı göstərək” – deyə Kaxa Kaladze bildirib.

O , şəhərin əsas sərvətinin Tbilisinin reallığını və simasını yaradan vətəndaşlar olduğunu bildirib.

“Şəhərimizin böyük adət-ənənələrinin, müxtəlif etnik və ya dini qruplarla birgəyaşayış hekayələrinin oxuna biləcəyi mədəni və tarixi ərazilərin qorunub saxlanılmasının vacibliyini xüsusilə vurğulamaq istərdim, lakin bu şəhərin ən əsas sərvəti, əlbəttə ki, vətəndaşlarımızdır. Tbilisi reallığını, onun simasını yaradan məhz onlardır. Mən şadam ki, Tbilisinin fəxri vətəndaşı adını Tbilisinin çoxmillətli şəhər kimi inkişafında xüsusi xidmətləri olan müxtəlif dinlərə və etnik mənşəyə malik insanlar daşıyır. Arzu edərdim ki, Tbilisili olmaq və tolerantlıq həmişə sinonim olsun və Tbilisidə həyatımızın bir parçası olsun” – deyə paytaxt meri bildirib.

Dünyada 1996-cı ildə BMT Baş Assambleyasının təşəbbüsü ilə Tolerantlıq Gününün qeyd edilməsinə başlanılıb.