Tbilisi-Saqareco maqistral yolunun tikintisi ilə bağlı müqavilələr imzalanıb
Tbilisi-Saqareco maqistral yolunun tikintisi ilə bağlı müqavilələr imzalanıb

 

Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamenti Kaxeti istiqamətində yol infrastrukturunun inkişafını davam etdirir.

Bu mərhələdə Kaxeti istiqamətində yeni sürətli avtomobil yolunun tikintisi çərçivəsində, Tbilisi-Saqareco hissəsinin birinci və ikinci hissələrinin tikintisinə başlanılır. Hərəkətliliyin yüksək intensivliyi ilə seçilən Kaxeti avtomobil yolunun Tbilisi-Saqareco hissəsində 31,5 km uzunluğunda dördzolaqlı asfalt-beton yol çəkiləcək. Avtomobil yolunun tikintisi dövlət büdcəsindən maliyyələşdiriləcək. Yolun layihələndirilməsi işləri Dünya Bankının maliyyə dəstəyi ilə yüksək ixtisaslı Avstraliya və Amerika şirkətləri tərəfindən həyata keçirilib. Yolun bu hissəsinin tikinti işlərini iki, tenderdə qalib gəlmiş şirkət (müxtəlif lotlar üzrə) həyata keçirəcək.

İşlərin təxmini yekunlaşma müddəti 24-30 aydır. Tam olaraq Tbilisi-Saqareco hissəsi üç lota bölünür. Bu hissədə nəqliyyat axınının intensivliyi xeyli artıb və mövcud yol əhalinin sıx məskunlaşdığı kənd və şəhərlərdən (Vaziani, Sartiçala, Ninotsminda, Saqareco) keçir. Yeni yolun tikintisi hərəkətin təhlükəsizliyini əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq və yerdəyişmə vaxtını azaldacaq.

Bundan əlavə, layihə Kaxeti regionunda kənd təsərrüfatının və turizmin inkişafına dəstək verəcək və Gürcüstan ərazisindən keçən tranzit dəhlizlərinin rəqabət qabiliyyətini artıracaq.

Məlumatı Avtomobil Yolları Departamenti yayıb.