Tbilisi Meriyasının “Dağınıq sklerozun müalicəsi üçün dərman vasitələrinin və tədqiqatların maliyyələşdirilməsi” proqramı genişlənir
Tbilisi Meriyasının “Dağınıq sklerozun müalicəsi üçün dərman vasitələrinin və tədqiqatların maliyyələşdirilməsi” proqramı genişlənir

 
Sosial statusundan asılı olmayaraq, Tbilisi Meriyasının “Dağınıq skleroz” proqramının bütün benefisiarları üçün dərmanlar və tədqiqatlar 100%-lə maliyyələşdiriləcək – bu barədə Tbilisi meri Kaxa Kaladze munisipalitet hökumətinin bugünkü iclasında danışıb.

O qeyd edib ki, sözügedən dəyişikliyə qədər proqramla nəzərdə tutulmuş xidmət sosial cəhətdən həssas qrup statusu olmayan şəxslər üçün 80%-lə maliyyələşdirilib.

“Tbilisi Meriyasının “Dağınıq sklerozun müalicəsi üçün dərman vasitələrinin və tədqiqatların maliyyələşdirilməsi” proqramı genişlənir. Sözügedən dəyişikliyə qədər səhiyyə və sosial xidmətlər üzrə şəhər xidməti proqramla nəzərdə tutulan xidmətləri sosial cəhətdən həssas qrup statusu olmayan şəxslər üçün 80 faizlə maliyyələşdirirdi, sosial cəhətdən həssas ailələrin vahid məlumat bazasında qeydiyyatda olan şəxslər üçün isə 100 faiz maliyyələşdirirdi” – deyə Kaxa Kaladze bildirib.

Tbilisi meri proqram çərçivəsində bir vətəndaş üçün dərman vasitələrinin və yüksək texnologiyalı tədqiqatların maliyyələşdirilməsi üçün ildə təqribən 25 000 larinin nəzərdə tutulduğunu bildirib.

“Tbilisi Meriyası 2021-ci ildə “Dağınıq sklerozun müalicəsi üçün dərmanlar” proqramına başlayıb və ilk olaraq iki növ bahalı dərman maliyyələşdirilib. 2022-ci ildə isə dərmanlara beyin və/yaxud onurğa və onurğa beyninin maqnit rezonans tomoqrafiyası üçün maliyyələşmə əlavə edildi. Proqramın benefisiarları Tbilisidə qeydiyyatda olan 15-60 yaş arası Gürcüstan vətəndaşlarıdır. Bir vətəndaş üçün dərman vasitələrinin və yüksək texnologiyalı tədqiqatların maliyyələşdirilməsinə ildə 25 min lariyə qədər vəsait nəzərdə tutulur. Səhiyyə və sosial xidmətlər üzrə şəhər xidmətinin rəhbəri Qela Chiviaşviliyə gördüyü işlərə görə təşəkkür etmək istəyirəm”- deyə Kaxa Kaladze bildirib.