Tbilisi meriyası yaxınlığında mülki fəallar və müxalifət partiyalarının gənclər qanadının nümayəndələri etiraz aksiyası keçirirlər.
Aksiya iştirakçıları oktyabrın 13-də Vake parkında baş verən faciəyə görə digər şəxslərlə birlikdə paytaxt meri Kaxa Kaladzenin də məsuliyyət götürməli olduğunu bildirirlər.
“Aydındır ki, baş verənlər, ən dəhşətli faciədir, kimsə bunun məsuliyyətini üzərinə götürmədən bitməməlidir və bu, adi bir işçi ola bilməz. Bütün meriya və Kaladzenin kantorası korrupsiya sövdələşmələrində ,tenderlərdə iştirak edir. Təəssüf ki, bu cür məsuliyyətsiz münasibət belə nəticələrə gətirib çıxarır”- deyə “Qirçi-daha çox azadlıq naminə” partiyasının üzvü Nika Mosiaşvili bildirib.
Bununla yanaşı, “Şeçvales” hərəkatının üzvü Mariam Şuşania aksiyaya 15-ə yaxın təşkilat nümayəndəsinin toplaşdığını bildirib. O, Vake parkında baş verən faciəyə görə günahkar olanların hamısının cəzalandırılması üçün hər şeyi etməyə çalışacaqlarını söyləyib.
“Bu gün müxtəlif qruplar toplaşdıq. Biz təxminən 15-ə yaxın təşkilatıq və məsuliyyət götürərək istintaqa başlamalarını tələb edirik, təəssüf ki, “Gürcü Arzusu” dövründə cinayətkarların cəzalandırıldığı istintaqı yada sala bilməsək də, lakin bu dəfə biz bu faciədə günahkar olan bütün insanların cəzalandırılması üçün əlimizdən gələni edəcəyik”- deyə Şuşania açıqlayıb.
Bundan başqa, polis də Tbilisi meriyası yaxınlığına səfərbər olunub.