Tbilisi meriyası Universitet küçəsi ilə Baqebini birləşdirən körpünün tikintisi layihəsini həyata keçirir

Tbilisi meriyası Universitet küçəsi ilə Baqebini birləşdirən körpünün tikintisi layihəsini həyata keçirir. İşlər çərçivəsində hazırda körpü dayaqlarının tikintisi aparılır. Həmçinin yeraltı kommunikasiya şəbəkələri dəyişdirilir, yeraltı qazıntı işləri aparılır.

Tbilisi meri Kaxa Kaladze Tbilisi şəhər sakrebulosunun sədri Qiorqi Tkemaladze və mer müavini İrakli Bendeliani ilə birlikdə körpünün tikinti prosesi ilə tanış olub.

“Biz Baqebi və Universitet küçələrini birləşdirən yeni körpü layihəsinin icrasına bir ay əvvəl başlamışıq ki, bu da Tamaraşvili küçəsi və Çavçavadze prospekti istiqamətində hərəkətin boşaldılması üçün çox vacibdir. Həmçinin bu layihədən sonra Çolokaşvili və Universitet küçələri tamamilə yenilənəcək.

Mən çox şadam ki, bu, kifayət qədər genişmiqyaslı layihədir. Artıq iş gedir. 2023-cü ilin əvvəlinə qədər layihəni tamamlayıb açmağı düşünürük. Baqebidə piyada körpüsünün yanında tikilən avtomobil körpüsü 4 zolaqlı olacaq və avtomobillərin sərbəst hərəkətinə şərait yaradacaqdı. Axınları saymışıq, hazırkı vəziyyəti, saatda neçə avtomobilin hərəkət etdiyini, həmçinin problemin nə olduğunu bilirik, xüsusən də pik saatlarda.  Layihənin həyata keçirilməsindən sonra problem tamamilə həll olunacaq”,  – deyə Kaxa Kaladze bildirib.

Layihə Universitet küçəsinin Baqebi tərəfində və Tbilisi-Tskneti magistralında yerləşəcək birbaşa yol və körpü keçidlərinin, eləcə də nəqliyyat qovşaqlarının təşkilini nəzərdə tutur. Layihə çərçivəsində dördzolaqlı avtomobil yolu, səki və velosiped zolağı inşa ediləcək.

Meriyadan verilən məlumata görə, körpü keçidinin uzunluğu ümumilikdə 532 metrdir.