Tbilisi Meriyası Ağmaşenebeli prospektində yerləşən kafe-barların sahiblərinə açıq sahənin müəyyən hissəsindən istifadəyə icazə almaq üçün avqustun 24-dək vaxt verir
Tbilisi Meriyası Ağmaşenebeli prospektində yerləşən kafe-barların sahiblərinə avqustun 24-dək açıq sahənin müəyyən hissəsindən istifadəyə icazə almaq üçün sənədləşməni təşkil etmələri məqsədilə müraciət edir, əks halda zəbt etdikləri ərazini tamamilə boşaltmalıdırlar. Bu barədə Tbilisi meri Kaxa Kaladze paytaxt hökumətinin iclasında bir daha danışıb.
“Bir neçə hökumət iclasından əvvəl Ağmaşenebeli prospektində yerləşən, gəzməyin mümkün olmadığı, çöldə masa və stulların qoyulduğu kafe-barlardan danışdım. Biz bunu məhdudlaşdırmırıq, əksinə. Bildiyiniz kimi, pandemiya şəraitində meriya tərəfindən hansı dəstək və yardım olduğunu gördünüz, amma bu gün etdikləri kimi davam etmələri imkansızdır və qətiyyən qəbuledilməzdir. Biz sizə bütün bunları qaydasına salmaq üçün ağlabatan vaxt veririk. İnsanların sərbəst hərəkət etmək imkanı olması, hərəkətin piyadalar, təcili tibbi yardım briqadaları, yanğınsöndürmə briqadaları və s. üçün problem olmaması üçün açıq kafelərin həcmi hər iki tərəfdən azaldılmalıdır”-deyə Kaxa Kaladze bildirib.
Paytaxt meri Tbilisinin Munisipal Müfəttişliyinin nümayəndələrini müddət başa çatdıqdan sonra qanun çərçivəsində hərəkət etməyə çağırıb.
“Məndə olan məlumata görə, öz məkanını, kafe-barların ərazisini qaydasına salmaq üçün bizə çox az insan müraciət edib, bu çox pisdir. Əgər kimsə hər şeyin bugünkü kimi qalacağını düşünürsə, yalandır. Siz və işlə təmin etdiyiniz insanlar bizim üçün nə qədər vacibdirsə, orada yaşayan ailələr də, sözügedən küçə ilə hərəkət edən insanlar da bizim üçün bir o qədər vacibdir. Vizual olaraq bütün bunların necə edildiyini görmək çox ağırdır. Memarlıq xidmətimiz əməkdaşlığa hazırdır. Ağlabatan müddət başa çatmaq üzrədir. Avqustun 24-ü də daxil olmaqla, Munisipal Müfəttişliyə göstəriş verirəm, memarlıq hissəsində bütün bunları necə tənzimləyəcəyimizlə bağlı əgər müvafiq təkliflər daxil olmazsa, hərəkətə keçməliyik, ərazini qaydasına salmalıyıq, çünki bir çox insan ürək ağrısını bölüşüb. Bu qədər pul xərclənib, belə gözəl layihə həyata keçirilib, mədəni irs abidələridir və indiki vəziyyət tənqidə tab gətirə bilməz” – deyə Kaxa Kaladze bildirib.