Tbilisi meri A kateqoriyalı taksi fəaliyyətinə verilmiş müddətsiz icazələrin sahiblərini yaranmış borclarını vaxtında ödəməyə çağırıb. Əks halda, onların lisenziyaları ləğv ediləcək

12:03, 17.06.2026

Tbilisi meri Kaxa Kaladze A kateqoriyalı taksilər üçün müddətsiz icazə sahiblərini borclarını vaxtında ödəməyə çağırıb. O bildirib ki, borclar ödənilmədiyi təqdirdə həmin icazələr ləğv ediləcək və sonradan bərpa olunmayacaq.

Kaxa Kaladze Tbilisi bələdiyyə hökumətinin iclasında qeyd edib ki, “İnzibati cərimələrdən azadolma haqqında” qanuna uyğun olaraq A kateqoriyalı taksilərin müddətsiz icazə sahibləri cərimələrdən azad ediliblər. Buna baxmayaraq, mindən çox icazə sahibi lisenziya şərtlərinə əməl etmir və icazə haqqını ödəməkdən yayınır. Nəticədə əvvəlki aylardan qalan borcların üzərinə hər gün əlavə məbləğ hesablanır.

Mer vurğulayıb ki, bütün lisenziya sahiblərinə mobil telefon nömrələri vasitəsilə məlumat mesajları göndərilir, lakin buna baxmayaraq borclarını ödəməyən şəxslər qalır.

Tbilisi meriyasının məlumatına görə, söhbət 2025-ci ilin oktyabr ayından bu günədək A kateqoriyalı taksi üçün müddətsiz icazə haqqını ödəməyən və şərtləri pozmağa davam edən şəxslərdən gedir.

Qeyd olunub ki, həmin şəxslərə mütəmadi olaraq yazılı xəbərdarlıqlar göndərilir və telefon vasitəsilə məlumat verilir. Tələblərə əməl etmədikləri halda onlara üçqat məbləğdə cərimə tətbiq olunur və nəticədə icazələri ləğv edilir.

İcazə haqqının ödənilməməsinə görə ilkin cərimə 100 lari təşkil edir. Sonrakı mərhələdə cərimə 300 lariyə, daha sonra isə 900 lariyə qədər artırılır. Cərimələrin qanunla müəyyən edilmiş müddətdə ödənilməməsi halında isə əlavə olaraq ikiqat məbləğdə maliyyə sanksiyaları tətbiq olunur. Bu barədə Tbilisi meriyasının yaydığı məlumatda bildirilir.

Oxşar