Tbilisi ilə Bern arasında anlaşma memorandumu imzalanıb
Tbilisi ilə Bern arasında anlaşma memorandumu imzalanıb

 

Berndə rəsmi səfərdə olan Tbilisi meri Kaxa Kaladze Bern şəhərinin meri Alek fon Qrafenrid ilə görüşüb.

Tbilisi Meriyasının məlumatına görə, tərəflər Gürcüstan-İsveçrə münasibətləri məsələlərini müzakirə ediblər və Tbilisi ilə Bern arasında əməkdaşlığın dərinləşdirilməsi perspektivlərini vurğulayıblar. Bernin malik olan nəqliyyat və şəhərsalma sahəsində mövcud təcrübəyə xüsusi diqqət yetirilib. Tbilisi meri Gürcüstanın paytaxtında bu istiqamətdə həyata keçirilən və planlaşdırılan layihələr barədə həmkarına məlumat verib. Görüşdə Avropa Şurasının iyunun 23-də qəbul etdiyi tarixi qərar və Gürcüstanın Avropa ailəsinə qayıtmaq üçün qətiyyətli seçimi vurğulanıb. Qeyd olunub ki, Gürcüstanın Avropa dövlətləri, o cümlədən İsveçrə ilə yaxınlaşması Avropaya inteqrasiya istiqamətində atılan uğurlu addımdır.

İkitərəfli görüş başa çatdıqdan Tbilisi və Bern merləri anlaşma memorandumu imzalayıblar. Şəhərlər arasında əlaqələr aşağıdakı sahələri əhatə edir: şəhər inkişafı, nəqliyyat, ictimai təhlükəsizlik, texnologiya, təhsil, mədəniyyət və turizm.

” Bern şəhərinin meri ilə birlikdə bir neçə istiqaməti əhatə edən əməkdaşlıq memorandumu imzalamaq imkanımız oldu. Bunlara şəhər inkişafı, ictimai nəqliyyat, mədəniyyət, təhsil, infrastruktur daxildir. Çox yaxşı təcrübəni paylaşmaq imkanımız var. Bern inkişaf etmiş şəhərdir, İsveçrə gözəl ölkədir və təbii ki, onların təcrübəsini bölüşmək infrastruktur, şəhər abadlığı baxımından paytaxtımız üçün vacibdir. Bu dəstək müxtəlif proqram və layihələrin icrası mərhələsində mühüm əhəmiyyət kəsb edəcək. Qonaqpərvərliyə görə Bern merinə təşəkkür etmək istəyirəm. Əlbəttə ki, şəhərlərimiz və insanlar arasında əlaqələrin daha da dərinləşməsi önəmlidir” – deyə Tbilisi meri bildirib.

Kaxa Kaladze Alek fon Qrafenridə səmimi qonaqpərvərliyə görə təşəkkür edib və Bern merinin yaxın vaxtlarda Tbilisiyə səfər edəcəyinə ümidvar olduğunu bildirib.

“Millətlər arasında dostluq olub-olmadığını bilmirəm, lakin insanlar və şəhərlər arasında dostluq olduğuna inanıram və bu, daha vacibdir. Biz bilirik ki, Avropada hamımız ümumi prinsiplər və dəyərlər üzərində dayanırıq – bu, insan hüquqlarına və demokratiyaya hörmətdir. İnanıram ki, şəhərlər vətəndaşlara daha yaxın olduğundan, bu ümumi dəyərlər ətrafında daha yaxşı əməkdaşlıq edə biləcəklər. Məhz buna görə də hesab edirəm ki, Tbilisi ilə Bern arasında münasibətlər önəmlidir”- deyə Bern meri bildirib.

Bern Meriyasında keçirilən tədbirdə gürcü tərəfindən Tbilisi merinin müavini Andria Basilaia və Gürcüstanın İsveçrədəki səfiri Revaz Lominadze iştirak ediblər.