Tbilisi Beynəlxalq Hava Limanının uçuş terminalı genişləndirilib.
“TAV Georgia”nın yaydığı məlumata əsasən, investisiya dəyəri 2 200 000 lari təşkil edən irimiqyaslı layihə sərnişinlər üçün əlavə rahatlıq yaratmaq, hava limanının tutumunu artırmaq və növbələri azaltmaq məqsədilə Tbilisi və Batumi beynəlxalq hava limanlarının idarəedici şirkəti “TAV Georgia” tərəfindən həyata keçirilib.
“Tbilisi Beynəlxalq Hava Limanının uçuş terminalına yeni yer əlavə edilib, bunun nəticəsində də pasport nəzarəti kabinələrinin sayı artıb, aviasiya təhlükəsizliyinin yoxlanılması zonası və uçuş salonundakı biznes-zal genişləndirilib. Həmçinin, xüsusi qayğıya ehtiyacı olan və biznes sinif sərnişinləri üçün növbə gözləmədən ən qısa müddətdə lazımi prosedurlardan keçməyə imkan verən sürətli dəhliz təşkil olunacaq. Yenidənqurma işləri təhlükəsizlik qaydalarına tam riayət olunmaqla, nəzərdə tutulmuş müddətdə başa çatdırılmışdır.
“TAV Georgia” gələcəkdə də sərnişinlərə və aviaşirkətlərə daha yüksək keyfiyyətli xidmət göstərməyə yönəlmiş layihələri həyata keçirməyə davam edəcək”- “TAV Georgia”da bildirirlər.