Tayvan ABŞ-dan iki ədəd “F-16V Block 70” tipli hərbi təyyarə qəbul edib
Hərbi razılaşma çərçivəsində Tayvan ABŞ-dan iki ədəd “F-16V Block 70” tipli hərbi təyyarə qəbul edib.
Bu, ABŞ-da istehsal olunmuş 66 təyyarədən ibarət partiyanın ilk hissəsidir. Sifariş hələ 2019-cu ildə verilib.
Havay və Quamı keçdikdən sonra təyyarə Tayvanın dağlıq şərq sahilində, Taytunq şəhəri yaxınlığında yerləşən Çihhanq aviyabazasına eniş edib. Proqram təminatı ilə bağlı problemlər səbəbindən qırıcı təyyarələrin gəlişi bir neçə ay gecikmişdi. Tayvan administrasiyasının nümayəndəsi Vellinqton Ku əlavə təyyarələrin də gələcəyinin gözlənildiyini bildirib.
Çin Tayvanı öz ərazisi olaraq hesab edir və ABŞ-ın Tayvanla əməkdaşlığına qarşı çıxır.
2019-cu ildə Birləşmiş Ştatlar Tayvana “Lockheed Martin” istehsalı olan “F-16V Block 70” tipli qırıcı təyyarələrin səkkiz milyard dollara satılması barədə müqaviləni təsdiqləyib, bu da adanın “F-16” aviyaparkını 200-dən çox vahidə qədər artıracaq. Lakin, müxtəlif problemlər, o cümlədən proqram təminatındakı xətalar təyyarələrin çatdırılmasını gecikdirib.