Tay Çunyunq – Çin maneələri aradan qaldırmaq və dəhlizin ümumi rəqabət qabiliyyətini gücləndirmək məqsədilə Gürcüstan və Orta Dəhliz boyunca yerləşən digər ölkələrlə əməkdaşlıq etməyə hazırdır
Gürcüstan nəqliyyat sektorunun onillik inkişaf planını hazırlayıb. Nəqliyyat infrastrukturuna, o cümlədən limanlara, dəmir yollarına, avtomobil yollarına və hava limanlarına 7 milyard dollar investisiya yatırılacaq, bu da ölkənin dəniz və dəmir yolu nəqliyyatının imkanlarını iki dəfə, hava limanı infrastrukturunun ümumi imkanlarını isə üç dəfə artırmağı hədəfləyir, – bu barədə Çinin Gürcüstandakı səfirliyinin müvəqqəti işlər vəkili Tay Çunyunq mətbuat konfransında bildirib.
Çunyunqun qeyd etdiyi kimi, Çin Gürcüstan və dəhliz boyunca yerləşən digər ölkələrlə əməkdaşlığa hazırdır.
“Gürcüstan və dəhliz boyunca yerləşən digər ölkələr rəqəmsal transformasiya istiqamətində işləyirlər. Onlar “Vahid Dənizçilik Pəncərəsi” sistemini inkişaf etdirir, yol nəqliyyatı üçün elektron icazələr sisteminin tətbiqinə dəstək verir və sərhədlərarası məlumat mübadiləsini təkmilləşdirməyə çalışırlar. Çin dəmir yolları, limanlar, hava limanları və rəqəmsal infrastruktur sahələrində dünyada aparıcı mühəndislik, tikinti və əməliyyat idarəetmə imkanlarına malikdir. O, planlaşdırma və layihələndirmə, investisiyalar və maliyyələşdirmə, tikinti, ağıllı idarəetmə və texniki xidməti əhatə edən hərtərəfli sənaye səriştəsinə malikdir. Çin maneələri aradan qaldırmaq, dəhlizin ümumi rəqabət qabiliyyətini gücləndirmək və Asiya ilə Avropa arasında əlaqələri təmin etmək məqsədilə təhlükəsiz, səmərəli, “ağıllı” və ekoloji cəhətdən təmiz nümunəvi marşrut yaratmaq üçün Gürcüstan və dəhliz boyunca yerləşən digər ölkələrlə əməkdaşlıq etməyə hazırdır”, – Çin səfirliyinin müvəqqəti işlər vəkili bildirib.