“Tabaxmelada, Trialeti küçəsi N2 yaxınlığında, idman kompleksinin tikintisinə başlanır,” – Bu barədə Tbilisi meri Kaxa Kaladze paytaxt hökumətinin iclasında bildirib.
Onun sözlərinə görə, Mtatsminda rayon rəhbərliyi 7800 kvadratmetr sahədə beynəlxalq standartlara uyğun idman kompleksi təşkil edəcək.
“Dəfələrlə demişik ki, istirahət yerləri, idman meydançaları sağlam həyat tərzinin təbliği üçün çox vacibdir. Bununla bağlı Tbilisidə çoxlu yaxşı layihələr həyata keçirilib. Mən sizə bir yaxşı layihə haqqında məlumat vermək istərdim – işləri Mtatsminda administrasiyası tərəfindən həyata keçirilən idman kompleksi 7800 kvadratmetr sahədə qurulacaq. Layihəyə beynəlxalq standartlara cavab verən futbol və basketbol meydançaları, 230 yerlik tribuna, soyunub-geyinmə otaqları və digər zəruri yerləri olan texniki korpus, həmçinin avtomobil dayanacağı daxildir” – Kaxa Kaladze bildirib.
Tbilisi merinin sözlərinə görə, qeyd olunan işlərə yaxın həftələrdə başlanacaq.