Sulxan Tamazaşvili Sameqrelo bölgəsində nazirliyin struktur bölmələrinin əməkdaşları ilə işgüzar görüşlər keçirib
Gürcüstanın daxili işlər naziri Sulxan Tamazaşvili birinci müavini Roni Mesxi və müavini Şalva Tadumadze ilə birlikdə Sameqrelo bölgəsində nazirliyin struktur bölmələrində işgüzar görüşlər keçirib.
Qurumun məlumatına görə, nazir əməkdaşların iş şəraiti, texniki vasitələri və avadanlıqları ilə tanış olub.
Bildirilib ki, Sulxan Tamazaşvili həmçinin Abxaziyanın işğal xətti yaxınlığında, Enquri körpüsündə olub. O, burada işğal xəttinə bitişik ərazilərdə xidmət aparan və vətəndaşların təhlükəsizliyini təmin edən Daxili İşlər Nazirliyinin əməkdaşları ilə görüşüb.
Nazir görüşlər zamanı qurumun prioritet istiqamətlərinə diqqət çəkərək bildirib ki, nazirlik polis əməkdaşlarının həm sosial təminatının, həm də iş şəraitinin yaxşılaşdırılması istiqamətində fəaliyyətini davam etdirəcək.
Sulxan Tamazaşvili əməkdaşlara səmərəli xidmətlərinə görə təşəkkürünü bildirib. Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin yaydığı məlumatda deyilir.