Sulxan Tamazaşvili Miqrasiya Departamentində rəhbər şəxslərlə işçi müşavirə keçirib
Gürcüstanın daxili işlər naziri Sulxan Tamazaşvili müavini Aleksandre Daraxvelidze ilə birlikdə Miqrasiya Departamentinə baş çəkib.
Sulxan Tamazaşvili departamentin rəhbər şəxsləri ilə işçi müşavirə keçirib və qurumda həyata keçirilən islahatlar barədə danışıb.
Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, nazir vurğulayıb ki, qanunsuz miqrasiyaya qarşı mübarizə ölkə hökumətinin prioritet istiqamətlərindən biri olaraq qalır.
Görüşdə bildirilib ki, gücləndirilmiş qanunvericilik bazası və yenilənmiş infrastruktur qanunsuz miqrasiya ilə mübarizəni daha da səmərəli edib.
Nazir səfər çərçivəsində Miqrasiya Departamentinin yeni inzibati binası və yenilənmiş avtomobil parkı ilə də tanış olub.
Sulxan Tamazaşvili departament əməkdaşlarına nəticəyönümlü fəaliyyətlərinə görə təşəkkürünü bildirib.