Strasburqda Gürcüstanın Avropa Audiovizual Rəsədxanasına sədr seçilməsi münasibətilə tədbir keçirilib
Gürcüstan 2024-cü ildə Avropa Audiovizual Rəsədxanasına sədrlik edən ölkədir, müvafiq olaraq Rabitə Komissiyasının təşkilatçılığı ilə Tbilisidə Rəsədxananın ictimai media konfransı keçiriləcək.
Rəsədxanaya sədr ölkə seçilməsi ilə əlaqədar Avropa Audiovizual Rəsədxanası, Rabitə Komissiyası və Gürcüstanın Avropa Şurasındakı səfirliyinin birgə təşkilatçılığı ilə mədəni-yaradıcılıq tədbiri keçirilib. Audiovizual Rəsədxananın icraçı direktoru Suzan Nikoltçev, Rabitə Komissiyasının üzvü İvane Maxaradze və Gürcüstanın Avropa Şurasındakı səfiri Tamar Taliaşvili qonaqlar qarşısında salamlama nitqi ilə çıxış ediblər.
Tədbirdə Avropa Şurasının 46 ölkəsindən 150-dən çox qonaq, o cümlədən diplomatik korpusun, audiovizual sektorun, elmi-tədqiqat təşkilatlarının və medianın nümayəndələri iştirak edib.
Xatırladaq ki, Avropa Audiovizual Rəsədxanası 1992-ci ildən Avropa Şurasının çətiri altında fəaliyyət göstərən və Avropada kino, yayım və audiovizual sənaye sahəsində mövcud faktları və məlumatları təhlil edən təşkilatdır. Hazırda təşkilatın 41 üzvü var. Gürcüstan 2016-cı ildə rəsədxanaya üzv olub və ölkə təşkilatda Gürcüstanın Milli Rabitə Komissiyası tərəfindən təmsil olunur.
Qeyd etmək lazımdır ki, hər il iyun ayında rəsədxananın icraçı şurasının sədri müxtəlif aktual mövzularda ictimai media konfransı keçirir. İyunun 12-də Gürcüstan Rabitə Komissiyasının təşkilatçılığı ilə Tbilisidə bəhsi keçən tədbirə ev sahibliyi edəcək.