Sözdə çağrı mərkəzləri işi üzrə saxlanılan 7 nəfərin hamısı barəsində həbs qətimkan tədbiri seçilib
Tbilisi Şəhər Məhkəməsi tərəffindən sözdə çağrı mərkəzləri işi üzrə saxlanılan 7 nəfərin hamısı barəsində həbs qətimkan tədbiri seçilib.
Bu qərarı hakim Aleksandr İaşvili verib.
Hakim qeyd olunan qərarla ittiham tərəfinin vəsatətini təmin edib. Prokurorun sözlərinə görə, cinayətin təkrarlanması və gizlənmə təhlükəsi var idi.
Təqsirləndirilən şəxslərin mövqeyinə gəlincə, onlar təqsirini boynuna almırlar. Müdafiə tərəfi qətimkan tədbiri olaraq şəxslərin zaminə buraxılmasını istəyib.
Saxlanılan şəxslərə qarşı mütəşəkkil dəstə tərəfindən dələduzluq və çirkli pulların yuyulması ittihamı irəli sürülüb və bu, 9 ildən 12 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Prokurorluğun yaydığı məlumata görə, mütəşəkkil dəstə üzvlərinin fəaliyyətinə Gürcüstanda şirkətlər yaratmaq və qondarma, saxta çağrı mərkəzlərinin qurulması və təşkili daxil idi.
“Çağrı mərkəzlərinin düzgün işləməsi üçün qrup üzvləri müxtəlif brend adlarda elektron ticarət platformaları yaradıb, etibarlı investisiya şirkətlərində təəssüratını yaratmaq üçün isə internet saytlarından istifadə edib və zərərçəkənlərə müxtəlif növ gəlirli maliyyə sövdələşmələri təklif ediblər. Daha sonra zərərçəkmişlərə məxsus külli miqdarda pul oğurlanaraq yuyulub.
Bu yolla təşkil olunmuş cinayətkar dəstənin üzvləri İsveçrə Konfederasiyası vətəndaşlarına məxsus bir neçə milyon İsveçrə frankı pulunu dələduzluq yolu ilə ələ keçiriblər. Sonralar isə dələduzluq yolu ilə əldə etdikləri vəsaitlərə hüquqi sifət vermək üçün həmin vəsaitləri öz nəzarətləri altında bank hesablarına yerləşdirərək, o cümlədən daşınmaz əmlak almaq yolu ilə təsərrüfat dövriyyəsinə daxil ediblər.
İstintaqla təqsirləndirilən şəxslərə məxsus ümumi dəyəri 5 milyon lariyə qədər olan daşınmaz və daşınar əmlaka qadağa qoyulub, beləliklə də onların sonrakı sərəncamının və gizlədilməsinin qarşısı alınıb”, – deyə Baş Prokurorluqdan bildirilib.
Müəllif -
Mehemmed Bayramaliyev