Gürcüstanın səhiyyə naziri Zurab Azaraşvilinin məlumatına görə, Şovidəki təbii fəlakət zonasında 11 nəfər ölüb.
Zurab Azaraşvilinin dediyi kimi, Racada çox ciddi faciə baş verib.
“Ailə üzvlərinə başsağlığı verirəm, Gürcüstana başsağlığı verirəm. Episentrdə olanlar çox ağırdır. Təəssüf ki, artıq 11 ölü tapılıb. 25 nəfəri axtarırlar, helikopterlər dünən və bu gün xilasetmə istiqamətində böyük iş görə bilib və 210 nəfər təhlükəsiz əraziyə çıxarılıb.
Buradaca təsdiq etmək istərdim ki, helikopterlə təhlükəsiz yerə təxliyə edilən insanların sağlamlığı üçün təhlükə yoxdur. Bir neçəsi minimal, həyati təhlükəsi olmayan xəsarətlər alıb. Mən təsdiq edirəm ki, müxtəlif bölgələrdən müxtəlif qruplar tibbi yardım baxımından bölgəyə səfərbər olunub. Məndə olan məlumata görə, ölənlərin bəzilərinin şəxsiyyəti müəyyən edilib, amma hamısının yox.
Mən itkin düşənlərin ailə üzvləri ilə yerindəcə əlaqə saxladım, təcili yardım briqadamız ora səfərbər olunub, hazırda əlavə həkim qrupu başqa briqada ilə gedir. Onlar yerindəcə zərərçəkənlərə, itkin düşənlərin ailə üzvlərinə psixoloji və digər tibbi yardımların göstərilməsi ilə bağlı hər cür işi görürlər”, – deyə nazir bildirib.