Soso Qoqaşvili barəsində həbs qətimkan tədbiri seçilib
Soso Qoqaşvili barəsində həbs qətimkan tədbiri seçilib

 

Tbilisi Şəhər Məhkəməsi Dövlət Təhlükəsizlik Xidmətinin sabiq rəis müavini Soso Qoqaşvili barəsində həbs qətimkan tədbiri seçib.

Hakim təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı prokurorluğun vəsatətini təmin edib.

Məhkəmə iclası qapalı rejimdə keçirilib. Prokurorluq şəxsi və məxfi materialları təsvir edən sənədlərlə əlaqədar iclasın qapalı keçirilməsi vəsatətini qaldırıb.

Məsələ üzrə ilkin məhkəmə iclası sentyabrın 8-nə təyin edilib.

Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları İoseb Qoqaşvilini iyulun 16-da həbs ediblər. Onun barəsində Gürcüstan Cinayət Məcəlləsinin 333-cü maddəsinin birinci hissəsi (vəzifəli şəxs tərəfindən dövlətin qanuni mənafeyinin əsaslı şəkildə pozulması ilə nəticələnmiş vəzifə səlahiyyətlərinin aşılması), 157-ci maddəsinin 4-cü hissəsi (vəzifə səlahiyyətlərindən istifadə etməklə, böyük zərərə səbəb olmuş şəxsi məlumatların qanunsuz olaraq əldə edilməsi, saxlanılması, yayılması) və 236-cı maddəsinin 3-cü hissəsi (qanunsuz olaraq odlu silah və döyüş sursatı əldə etmə və saxlama) ilə ittiham irəli sürülüb. Bu isə cəza olaraq dörd ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etməni nəzərdə tutur.