Slovakiyanın baş naziri Almaniyanı Ukrayna, Gürcüstan və Moldovaya Aİ-yə namizəd ölkə statusunun verilməsini dəstəkləməyə çağırır
Slovakiyanın baş naziri Almaniyanı Ukrayna, Gürcüstan və Moldovaya Aİ-yə namizəd ölkə statusunun verilməsini dəstəkləməyə çağırır

 
Slovakiyanın baş naziri Almaniyanı Ukrayna, Gürcüstan və Moldovaya Aİ-yə namizəd ölkə statusunun verilməsini dəstəkləməyə çağırır.
Bu barədə Edvard Heqer Almaniyaya səfəri zamanı kansler Olaf Şoltsla görüşündən əvvəl bəyanat verib.

“Biz başa düşməliyik ki, Avropa İttifaqının genişlənməsi zəruridir. Dünyanın güclü Avropaya ehtiyacı var və bu ölkələr bizi gözləyirlər”, -deyə Slovakiyanın baş naziri “Politico” ya danışıb.

Heqerin sözlərinə görə, Ukrayna, Gürcüstan və Moldovanın Aİ-yi üzvlüyünə namizədlər olaraq tanınması ilk addım olmalı və bu ölkələrin birliyə gələcək inteqrasiyası “layiqlik əsasında” olmalıdır.

Bununla yanaşı, Slovakiya hökumətinin başçısı prezident Emmanuel Makronun Aİ-nin qonşu dövlətlərinin Aİ-yə siyasi və iqtisadi baxımdan yaxınlaşması üçün yeni birlik yaratmaq ideyasından danışıb. Heqerin fikrincə, bu təşəbbüs Ukrayna, Gürcüstan və Moldovaya Aİ-yə namizəd ölkə statusunun verilməsinə qarşı çıxmamalıdır, əksinə “əlavə proses” olmalıdır.

Onun sözlərinə görə, istənilən ölkə Aİ-yə üzvlük üçün müraciət edə bilməlidir, lakin təşkilata yalnız lazımi demokratik və institusional islahatları həyata keçirmək istəyənlər qoşulmalıdır, qalanlar isə “Makronun siyasi ittifaqına üzvlük səviyyəsinə endirilə bilər”.

“Hər bir ölkənin Avropa İttifaqına üzv olmaq üçün fərdi səy göstərmək imkanı olmalıdır. Avropa Birliyinə nə vaxt qoşulacaqları məhz onların öz səylərinə istinadən qərarlaşdırılmalıdır”, – deyə Slovakiyanın baş naziri bildirib.