“Silknet”in kompüter sisteminə kiberhücum və vətəndaşların fərdi məlumatlarının ələ keçirilməsi faktı üzrə bir nəfər saxlanılıb
“Silknet”in kompüter sisteminə kiberhücum və vətəndaşların fərdi məlumatlarının ələ keçirilməsi faktı üzrə bir nəfər saxlanılıb

 
Gürcüstanın Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis Departamentinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin, Dövlət Təhlükəsizliyi Xidmətinin və Baş Prokurorluğun əməkdaşları tərəfindən birlikdə aparılmış əməliyyat-istintaq tədbirləri nəticəsində kompüter sisteminə icazəsiz daxil olma faktı üzrə 2001-ci il təvəllüdlü B.K. saxlanılıb.

“Aparılmış kompleks istintaq hərəkətləri nəticəsində təqsirləndirilən B.K.-nın fərdi məlumatları ələ keçirmək məqsədilə “Silknet” SC-nin kompüter sisteminə kiberhücum həyata keçirdiyi müəyyən edilib.

Təqsirləndirilən şəxs kompüter sisteminə icazəsiz daxil olmaq yolu ilə adıçəkilən şirkətin 5000-ə yaxın istifadəçisinin şəxsiyyət vəsiqəsinin rəqəmsal surətini əldə edib və qanunsuz yolla internetdə satmağa cəhd edib”- Daxili İşlər Nazirliyindən bildirilib.

Kompüter sisteminə icazəsiz daxil olma faktı ilə əlaqədar Gürcüstan Cinayət Məcəlləsinin 284-cü maddəsinin 3-cü hissəsi ilə istintaq aparılır. Cinayət altı ilədək müddətə azadlıqdan məhrum etmə cəzasını nəzərdə tutur.