Sərnişinlər Tbilisi Beynəlxalq Hava Limanında reys üzrə qeydiyyatdan sərbəst şəkildə keçə biləcəklər
Tbilisi Beynəlxalq Hava Limanının uçuş zalında özünü qeydiyyatdan keçirmə köşkləri (Self-Check in Kiosks) yerləşdirilib. Bu barədə “Tav Georgia” məlumat yayır.
Qurum tərəfindən verilmiş məlumata əsasən, dünyaca məşhur Fransanın EASIER brendinin köşkləri sərnişinlərə uçuşa bir neçə saat qalmış uçuş üçün qeydiyyatdan keçmək, oturacaq seçmək və minik talonunu çap etmə imkanı verir.
“Tbilisi və Batumi beynəlxalq hava limanlarının idarəedici şirkəti olan “Tav Georgia” qeydiyyat prosesini sadələşdirmək və sərnişinlər üçün əlavə rahatlıq yaratmaq məqsədi daşıyan layihəyə 150 000 lariyə qədər sərmayə qoyub.
Hazırda Tbilisi Beynəlxalq Hava Limanında iki özünü qeydiyyatdan keçirmə köşkü fəaliyyət göstərir, onlardan birinci mərhələdə iki aviaşirkətin sərnişinləri istifadə edə bilərlər. Reyslər üzrə sərnişinlərin sərbəst şəkildə qeydiyyatdan keçə biləcəyi aviaşirkətlərin sayı getdikcə artacaq.
Özünü qeydiyyatdan keçirmə köşkünün istehsalçısı olan Fransanın EASIER şirkəti qlobal şəbəkə vasitəsilə dünya miqyasında həm hava, həm də quru nəqliyyat operatorlarını, eləcə də dövlət qurumlarını yüksək keyfiyyətli məhsullar və müxtəlif xidmətlərlə təmin edir” – deyə “Tav Georgia”nın məlumatında qeyd olunur.