Sərhəd Polisinin pilotları Almaniyadan Gürcüstana yeni xilasedici helikopteri gətiriblər
Gürcüstanın Daxili İşlər Nazirliyinin Sərhəd Polisinin müasir, yeni, Avropa tipli “H 145” helikopteri artıq Gürcüstandadır.
Sərhəd Polisinin Xüsusi Təyinatlı Aviasiya İdarəsinin pilotları helikopteri Almaniyadan Gürcüstana gətiriblər.
Yeni helikopter yanğınla mübarizə və dağ-xilasetmə avadanlığı ilə tam təchiz olunub.
Xilasedici helikopter uçuşun təhlükəsizliyini artıran iki mühərrikə, eləcə də fərqli, Fenenstron tipli quyruq vintinə malikdir. O, həm aerodinamika, həm də uçuş təhlükəsizliyi baxımından təkmilləşdirilib.
Bu tipli helikopterlər yüksək hündürlükdə fəaliyyət göstərmək və manevr etmək qabiliyyəti ilə seçilir, bu da Gürcüstanın dağlıq relyefi nəzərə alınmaqla, mövcud tapşırıqlara tam uyğundur.
Sərhəd Polisinin Xüsusi Təyinatlı Aviasiya İdarəsinin pilotları və uçuş texnikləri Almaniyanın “Airbus Helicopters” Tədris Akademiyasında nəzəri və praktiki hazırlıqdan keçiblər.
Müasir, Avropa tipli “H 145” helikopteri “Airbus Helicopters” fransız şirkətinin istehsal etdiyi ən son modellərdən biridir, onun təhvil verilməsi Almaniyada “Airbus Helicopters” in müəssisəsində baş tutub.
Növbəti iki helikopterin Gürcüstan tərəfinə 2024-cü ilin iyununa qədər təhvil verilməsi planlaşdırılır.