Serqey Lavrov - qərbin Gürcüstan və Moldovadakı etirazlara münasibəti fərqlidir, Gürcüstanda müxalifət öz istədiyini etməyə borcludur, Moldova hakimiyyətinə yönəlik etiraz isə qınanılır
Gürcüstandakı hadisələr Kiyevin Maydanı ilə çox oxşardır. “Xarici agentlər” qanun layihəsi ətrafında yaranmış vəziyyət hakimiyyəti zorla dəyişdirməyə cəhd etmək üçün sadəcə bəhanə idi-bu barədə Rusiyanın xarici işlər naziri Serqey Lavrov açıqlayıb.
“Bu, Kiyevin Maydanına çox bənzəyir. Şübhə yoxdur ki, büdcəsinin cəmi 20%-i xaricdən maliyyələşən qeyri-hökumət təşkilatlarının qeydiyyatı haqqında qanun hakimiyyəti zorla dəyişdirmək cəhdinə başlamaq üçün bəhanə olub” – deyə Lavrov açıqlayıb .
Lavrov Avropa Komissiyasının vitse-prezidenti Cozef Borrellin Gürcüstandakı mövcud vəziyyətlə bağlı açıqlamalarını ikiüzlülük olaraq qiymətləndirib.
“Bir sıra Avropa ölkəsində oxşar normaların, eyni mövzuda daha sərt normaların olmasına baxmayaraq, cənab Borrell gözünü qırpmadan deyirdi ki, hakim “Gürcü Arzusu” partiyasının irəli sürdüyü qanun Avropa dəyərlərinə ziddir və Gürcüstanın Avropa İttifaqına üzvlük yolunu bağlayır. Bir sözlə, ikiüzlülük göz qabağındadır”
Lavrov bildirib ki, qərbin Gürcüstan və Moldovada baş verən etirazlara münasibəti fərqlidir.
“Gürcüstanda müxalifətə nəinki icazə verilir, əksinə, istədiyini etməyə borcludur. Moldovada isə indiki hakimiyyətə etiraz qınanılır, çünki Gürcüstanda müxalifət Qərbin maraqlarını, Moldovada isə başqa maraqları, hökumət və prezident isə Qərbin maraqlarını əks etdirir”-deyə Lavrov açıqlayıb.
Lavrov Gürcüstanda hadisələrin kənardan “orkestrləşdirildiyini” bildirir.