GNERC “Telasi” və “Energo-Pro Georgia” şirkətlərini 75 000-75 000 lari cərimələdi
Gürcüstanın Milli Enerji və Su Təchizatı Tənzimləmə Komissiyası elektrik təchizatının etibarlılıq göstəricilərinin pisləşməsi və komissiyanın elektron jurnalında natamam məlumatların qeyd edilməsi ilə əlaqədar “Telasi” və “Energo-Pro Georgia”nı 75 000-75 000 lari məbləğində cərimələyib.
GNERC-dən açıqlandığı üzrə, şirkətlərə tətbiq edilən cərimələri dövlət büdcəsinə ödəmək tapşırılıb.
“Davit Narmanianın qərarı ilə Tənzimləmə Komissiyasında yaradılmış monitorinq işçi qrupu “Telasi” və “Energo-Pro Georgia” tərəfindən elektrik enerjisi təchizatının etibarlılıq (fasiləsizlik) göstəricilərinə nəzarət həyata keçirib. Xüsusilə, 2022-ci ildə şirkətlər tərəfindən verilən elektrik enerjisi təchizatının etibarlılığı – bir abonentə düşən elektrik enerjisinin verilməsinin orta müddəti və bir istehlakçıya düşən elektrik enerjisinin verilməsində yaranan fasilələrin orta tezliyi barədə məlumatları öyrənib.
Araşdırma və təhlillər nəticəsində müəyyən edilib ki, 2021-ci illə müqayisədə 2022-ci ildə “Telasi” və “Energo-Pro Georgia” tərəfindən elektrik enerjisi təchizatının etibarlılıq göstəriciləri daha pis olub. Bundan əlavə, komissiyanın elektron jurnalında bununla bağlı məlumatlar tam əks olunmayıb.
GNERC-dən açıqlandığı üzrə,“Telasi” və “Energo-Pro Georgia”ya 2022-ci il üçün elektrik enerjisinin etibarlılıq göstəricilərinə mənfi təsir göstərən amilləri təhlil etmək və onların düzəldilməsi üçün plan-cədvəli 2023-cü ilin sentyabrın 1-dək komissiyaya təqdim etmək tapşırılıb.