Səhiyyə Nazirliyi – Yaxın günlərdə B və C hepatitlərinin aradan qaldırılmasının validasiyası ilə bağlı hesabat Ümumdünya Səhiyyə Təşkilatına təqdim ediləcək, Gürcüstan qızıl səviyyəli beynəlxalq tanınma əldə etməyə hazırlaşır

17:12, 13.09.2026

Gürcüstanın səhiyyə naziri Mixeil Sarcveladzenin rəhbərliyi ilə viruslu hepatitlərin eliminasiyasının validasiyası (təsdiqlənməsi) üzrə Milli Şuranın ikinci iclası keçirilib.

Məcburi Köçkünlərin, Əmək, Səhiyyə və Sosial Müdafiə Nazirliyinin məlumatına görə, B və C hepatitlərinin eliminasiyası istiqamətində Gürcüstanın əldə etdiyi nəticələr beynəlxalq qiymətləndirməyə hazırdır. Yaxın günlərdə Gürcüstan Ümumdünya Səhiyyə Təşkilatına ölkədə bu istiqamətdə əldə olunmuş tərəqqini əks etdirən hepatitlərin eliminasiyasının validasiyası üzrə milli hesabatı təqdim edəcək.

Qurumun izahatına görə, hazırlanmış hesabat iki əsas istiqaməti əhatə edir. Bunlar aşağıdakılardır: C hepatitinin aradan qaldırılması istiqamətində əldə edilmiş irəliləyiş və B hepatitinin anadan uşağa ötürülməsinin aradan qaldırılmasının validasiyası. Nazirliyin məlumatına görə, Gürcüstan hər iki istiqamətdə validasiyanın ən yüksək – qızıl səviyyəli beynəlxalq tanınmasını əldə etməyə hazırlaşır.

“Şura üzvləri Ümumdünya Səhiyyə Təşkilatına təqdim olunacaq milli validasiya hesabatının yekun layihəsini müzakirə ediblər. Hesabatda əks olunan məlumatlara görə, xroniki C hepatiti olan pasiyentlərin 88.5%-i diaqnozlaşdırılıb, diaqnoz qoyulmuş pasiyentlərin 87.1%-i isə artıq müalicəyə başlayıb ki, bu da Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən müəyyən edilmiş hədəf göstəricilərini üstələyir. Bununla yanaşı, C hepatitindən sağalma göstəricisi 99%-ə çatır.

B hepatiti istiqamətində də mühüm tərəqqi əldə olunub. Gürcüstan artıq Ümumdünya Səhiyyə Təşkilatının regional hədəflərini yerinə yetirib – uşaqlar arasında B hepatitinin yayılması 0.03% təşkil edir, yenidoğulmuşların doğum zamanı B hepatitinə qarşı peyvəndlənmə əhatəsi 95.5%-ə çatıb, üçdozalı peyvəndləmə ilə əhatə olunma göstəricisi isə 90.5% təşkil edir.

Şura üzvləri təqdim olunmuş validasiya müraciəti layihəsinin versiyasını yekdilliklə qəbul ediblər. İclasda qeyd olunub ki, Gürcüstanın viruslu hepatitlərin aradan qaldırılması istiqamətində həyata keçirdiyi tədbirlər ölkənin ictimai səhiyyəsinin ən mühüm uğurlarından biridir.

2015-ci ildən bəri əldə olunan nəticələr bu istiqamətdə həyata keçirilən ardıcıl və miqyaslı işləri əks etdirir. Bu dövr ərzində güclü milli proqram yaradılıb, Hepatit C xəstəliyinin yükü əhəmiyyətli dərəcədə azaldılıb, Hepatit B-yə nəzarət istiqamətində Ümumdünya Səhiyyə Təşkilatının regional hədəflərinə nail olunub, həmçinin proqramın uzunmüddətli davamlılığı üçün zəruri olan siyasət, xidmətlər və epidemioloji nəzarət sistemi formalaşdırılıb.

Gürcüstan viruslu hepatitlərin eliminasiyasının yüksək – qızıl səviyyəli (Gold Tier) beynəlxalq tanınmasını Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən alacaq dünyada ilk ölkələrdən biri olmaq üçün bütün əsas ilkin şərtlərə malikdir.

Sözügedən nailiyyət ardıcıl dövlət siyasətinin, gürcü mütəxəssislərin çoxillik peşəkar fəaliyyətinin və beynəlxalq tərəfdaşlarla effektiv əməkdaşlığın nəticəsidir”, – deyə nazirliyin məlumatında deyilib.

Oxşar