Səhiyyə Nazirliyi - Etiraz aksiyasında xəsarət alan 8 nəfər xəstəxanaya yerləşdirilib, onlardan biri klinikadan evə buraxılıb, pasiyentlərin səhhəti qənaətbəxşdir
Mayın 1-də Rustaveli prospektində keçirilən etiraz aksiyasında xəsarət alan 8 nəfər xəstəxanaya yerləşdirilib, onlardan biri klinikadan evə buraxılıb-bu haqda məlumatı Məcburi Köçkünlər, Əmək, Səhiyyə və Sosial Müdafiə Nazirliyi yayır.
Nazirlikdən verilmiş məlumatda, tibb müəssisəsinə yerləşdirilən pasiyentlərin səhhətinin qənaətbəxş olduğu deyilir.
“Fövqəladə vəziyyətin koordinasiyası və təxirəsalınmaz yardım qrupları onları müxtəlif tibb müəssisələrinə aparıblar. Yaralılarda üz, baş və bədənin fərqli yerlərində müxtəlif növ xəsarətlər, eləcə də intoksikasiya və tənəffüs yollarının ağırlaşması qeydə alınır. Bu mərhələdə tibb müəssisəsinə yerləşdirilən pasiyentlərin səhhəti qənaətbəxşdir. Onlar müvafiq müalicədən keçir və müşahidə altındadırlar”- deyə qurumun məlumatında deyilir.
Bununla yanaşı, Səhiyyə Nazirliyinin yaydığı məlumata əsasən, etiraz aksiyasının keçirildiyi əraziyə 20 fövqəladə vəziyyətin koordinasiyası və təxirəsalınmaz yardım qrupu səfərbər edilib.
“Hüquq-mühafizə orqanının bir əməkdaşı da daxil olmaqla onlarla vətəndaşa yerindəcə tibbi yardım göstərilib. Onlarda əsasən baş ağrıları və gözlərdə yanma qeydə alınırdı.
İctimaiyyətin məlumatlandırılması üçün izah edirik ki, tibb işçiləri bütün vətəndaşlara lazımi tibbi xidmət göstərir. Aksiya başlayan zamandan Rustaveli prospektinin ətraf ərazisinə əlavə olaraq təcili tibbi yardımın ehtiyat briqadaları səfərbər edilib”- Səhiyyə Nazirliyinin məlumatında qeyd olunur.