Saxstat: 2025-ci ildə Gürcüstanda ən çox ölümə səbəb qan dövranı sistemi xəstəlikləri və xərçəng olub

11:49, 26.06.2026

Gürcüstanın Milli Statistika Xidmətinin (Saxstat) məlumatına görə, 2025-ci ildə ölkədə 44 min 319 nəfər vəfat edib. Bu, 2024-cü illə müqayisədə 348 nəfər və ya 0,8 faiz çoxdur.

Ölüm səbəbləri arasında ən böyük payı qan dövranı sistemi xəstəlikləri və bədxassəli şişlər (xərçəng) təşkil edib. Belə ki, vəfat edənlərin 37,7 faizi qan dövranı sistemi xəstəliklərindən, 15,5 faizi isə xərçəngdən dünyasını dəyişib.

Saxstatın məlumatına əsasən, ölüm səbəblərinin yaş qrupları üzrə bölgüsü fərqlənir.

5 yaşadək uşaqlar arasında ölüm hallarının əsas səbəbi perinatal dövrdə yaranan pozuntular olub. 5–39 yaş qrupunda isə ən çox ölüm travmalar, zəhərlənmələr və digər xarici amillərin təsiri nəticəsində baş verib. Bu yaş qrupunda bədbəxt hadisələrin başvermə ehtimalı daha yüksək qiymətləndirilir.

40 yaş və ondan yuxarı əhali arasında isə 2025-ci ildə ölümün əsas səbəbləri qan dövranı sistemi xəstəlikləri və xərçəng olub.

Oxşar