Samtredia-Lanchxuti-Qriqoleti yolunun 42-ci km-də daşqın səbəbindən nəqliyyatın hərəkəti müvəqqəti məhdudlaşdırılıb
Samtredia-Lanchxuti-Qriqoleti yolunun 42-ci km-də daşqın səbəbindən nəqliyyatın hərəkəti müvəqqəti məhdudlaşdırılıb

 

Beynəlxalq əhəmiyyətli Samtredia-Lanchxuti-Qriqoleti avtomobil yolunun 42-ci km-də yağan güclü yağış səbəbindən məcrasından çıxmış Tsğaltsitela çayı magistral yolda nəqliyyatın hərəkətini müvəqqəti məhdudlaşdırıb. Bu barədə məlumatı Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamenti yayır.

Qurumdan verilmiş məlumatda sözügedən hissədə körpünün bərpası işlərinin aparıldığı, bu səbəbdən avtomobillərin hərəkəti üçün müvəqqəti yolun salındığı deyilir.

“Məcrasından çıxmış çay müvəqqəti yola ziyan vurub. Avtonəqliyyat vasitələrinin hərəkətinin vaxtında bərpası məqsədilə zərər görmüş yolun bərpası işləri intensiv şəkildə aparılır.

Hazırda nəqliyyatın hərəkəti müvəqqəti olaraq beynəlxalq əhəmiyyətli Senaki-Poti-Sarpi yoluna yönləndirilib” -deyə Yol Departamentinin məlumatında deyilir.