Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Yaponiyaya işgüzar səfəri çərçivəsində Yaponiya parlamentində görüşlər keçirib.
Papuaşvili görüşdən sonra Yaponiyanın Gürcüstanla əməkdaşlığı daha da artırmaqda maraqlı olduğunu bildirib.
“Bu gün bizim həm Yaponiya parlamentinin sədri, həm də Xarici Əlaqələr Komitəsinin sədri ilə görüşümüz oldu. Bu görüşlərdən iki məqamı vurğulamaq istərdim – bu, Rusiyaya münasibətlə bağlıdır. Tarixən Yaponiyanın Rusiya ilə olan problemli münasibətlərindən irəli gələrək, Rusiyadan gələn təhdidlərdən həmişə xəbərdar olmasına baxmayaraq, bu gün Rusiyanın hərəkətlərinin pislənməsi ilə bağlı siyasəti, Gürcüstana yönəlik onun işğalçılıq siyasəti və qaydalara əsaslanan beynəlxalq nizamın dəstəklənməsi və gücləndirilməsinin vacibliyini açıq şəkildə anladığı görünür. Bu baxımdan biz Rusiyanın Ukraynaya təcavüzü, eləcə də Rusiyanın işğalçılıq siyasəti və Gürcüstanda mövcud təhlükəsizlik çağırışları barədə intensiv söhbət apardıq” -deyə Papuaşvili bildirib.
O , ikinci məsələnin iqtisadi əlaqələrlə bağlı olduğunu və Yaponiyanın bərpa olunan enerjiyə böyük marağının olduğunu qeyd edib. Papuaşvili bu baxımdan yapon şirkətlərinin artıq Gürcüstanla əməkdaşlıq etdiklərini bildirib.
“Gürcüstanın bərpa olunan enerji istehsalı baxımından böyük potensiala malik olmasından irəli gələrək, bu əməkdaşlığın artırılmasında maraq çox böyükdür. Eyni zamanda, bu gün o, Avropa ilə Asiya arasında, o cümlədən enerji resurslarının nəqli baxımından birləşdiricidir. Yaponiya Gürcüstanla daha sıx münasibətlərdə maraqlıdır”- deyə Şalva Papuaşvili bildirib.