Şalva Papuaşvili Venesiya Komissiyasının Prezidentinə qanun layihələri üzrə hüquqi rəyin hazırlanmasına dair xahişə baxılmaması üçün müraciət edib
Şalva Papuaşvili Avropa Şurasının Venesiya Komissiyasının Prezidenti Kler Baz Maloriyə “Xarici təsirin şəffaflığı” və “Xarici agentlərin qeydiyyatı haqqında” qanun layihələri üzrə hüquqi rəyin hazırlanmasına dair xahişə baxılmaması üçün müraciət edib.
“Zati-aliləri, bir neçə gün əvvəl biz sizə “Xarici təsirin şəffaflığı haqqında” qanun layihələri ilə bağlı Venesiya Komissiyasının hüquqi rəyini xahiş etdiyimiz məktub göndərdik. Təəssüf ki, təklif olunan tənzimləmələr gürcü cəmiyyətində müxtəlif fikirlərə səbəb olub. Yalan narativlər və damğalar vətəndaşları səhvə sürüklədi və qarşıdurmaya zəmin yaratdı. Müvafiq olaraq, ölkədə sülh, sabitlik və rifahın təmin olunması üçün məsuliyyət daşıyan bir aktor olaraq hakim partiya sözügedən qanun layihələrinə dəstəyini geri çəkmək və növbəti qanunvericilik müzakirələrini dayandırmaq qərarını verdi.
Bundan irəli gələrək, hüquqi rəy hazırlamaqla bağlı xahişimizə baxmamağınızı və bu baxımdan qərar qəbulu prosesini dayandırmağınızı xahiş edirik. Xanım Prezident, Sizə dərin ehtiramımı bildirirəm. Ən xoş arzularla”-deyə Şalva Papuaşvilinin parlamentin mətbuat xidməti tərəfindən yayılan məktubunda deyilir.