Şalva Papuaşvili Venesiya Komissiyasının nümayəndə heyəti ilə görüşüb
Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Venesiya Komissiyasının baş katibi Simona Menqini-Qranatanın rəhbərlik etdiyi Avropa Şurasının Venesiya Komissiyasının nümayəndə heyəti ilə görüşüb.
Gürcüstan parlamentinin mətbuat xidmətindən verilən məlumata əsasən, görüşdə Gürcüstan ilə Venesiya Komissiyası arasında uzun illər davam edən səmərəli əməkdaşlıq vurğulanıb.
Şalva Papuaşvili bildirib ki, Gürcüstan Venesiya Komissiyası ilə əməkdaşlığı və Gürcüstanın Avropa standartlarına yaxınlaşmasına kömək edən müxtəlif qanun layihələr ilə bağlı onun hazırladığı rəyləri yüksək qiymətləndirir.
Simona Menqini-Qranata Venesiya Komissiyasının aktiv dialoq və mübadilələrə əsaslanan rəyin hazırlanması prosesi və prosedurlarından danışıb. Qanun layihəsinin hazırlanması və qəbulunun bütün mərhələlərində Gürcüstanla Venesiya Komissiyası arasında müntəzəm əlaqənin olmasının vacibliyi vurğulanıb. Görüşdə tərəflər Gürcüstanda həyata keçirilən islahatlardan danışıb və gələcək əməkdaşlığa hazır olduqlarını bildiriblər.
Məlumatı parlamentin mətbuat xidməti yayır.