Şalva Papuaşvili - ümid edirik ki, 2024-cü ildə İsraillə azad ticarət sazişinin imzalanması ilə bağlı danışıqlar başlayacaq və bu, ölkələrimiz arasında münasibətlərdə daha çox imkanlar yaradacaq
Şalva Papuaşvili - ümid edirik ki, 2024-cü ildə İsraillə azad ticarət sazişinin imzalanması ilə bağlı danışıqlar başlayacaq və bu, ölkələrimiz arasında münasibətlərdə daha çox imkanlar yaradacaq

 
Gürcü və yəhudi xalqlarını 26 əsrlik dostluq birləşdirir və məhz bu möhkəm bağlar Gürcüstanla İsrail Dövləti arasında səmərəli və çoxşaxəli əməkdaşlığın inkişafı üçün möhkəm zəmin yaradır – Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bildirib. Bu barədə İsrail Dövləti Knessetinin sədri Amir Ohana ilə görüşdən sonra keçirilən birgə brifinqdə danışıb.

“Biz hazırkı çətin, çağırışlarla dolu geosiyasi vəziyyətdə baş verən bu səfəri və intensiv ünsiyyəti yüksək qiymətləndiririk.

Biz İsrail dövlətinə Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü, işğal olunmuş bölgələrin tanınmaması siyasətini dəstəklədiyinə görə minnətdarıq.

Biz son dövrdə ölkələrimiz arasında yüksək səviyyəli səfərlərin artan dinamikasını alqışlayırıq. Gürcüstanın Baş naziri İrakli Ğaribaşvilinin və xarici işlər naziri İlia Darçiaşvilinin İsrail Dövlətinə effektiv səfərlərini qeyd etmək lazımdır. Cənab Ohananın səfəri bu müsbət dinamikanın davamıdır və inanıram ki, bu, ölkələrimiz arasında münasibətlərin daha da dərinləşməsinə mühüm töhfə verəcək” – Şalva Papuaşvili bildirib.

O bildirib ki, görüşdə Gürcüstan və İsrail dövləti arasında müxtəlif sahələrdə, o cümlədən parlament səviyyəsində, iqtisadiyyat, turizm, mədəniyyət və təhlükəsizlik sahələrində əməkdaşlıq müzakirə olunub.

“Qanunverici orqanlarımız arasında əlaqələr, o cümlədən dostluq qrupları səviyyəsində möhkəmdir. İsraillə Dostluq Qrupu təxminən bir ay əvvəl İsrailə səfər edib və İsrail tərəfi ilə bir sıra səmərəli görüşlər keçirib. Biz əməkdaşlığımızı daha da dərinləşdirməyə hazırıq.

Həmçinin, ümid edirik ki, 2024-cü ildə azad ticarət sazişinin imzalanması üzrə danışıqlara başlanacaq və bu, ölkələrimiz və xalqlarımız arasında münasibətlərdə daha da geniş imkanlar yaradacaq.

Görüşdə biz regional təhlükəsizlik çağırışlarından da danışdıq. Biz İsrailə və ümumilikdə Yaxın Şərq regionuna sabitlik və sülh arzulayırıq.

Mən həmkarıma səfərinə, eləcə də əməkdaşlığı və dostluğu dərinləşdirmək istəyinə görə təşəkkür edirəm” – Şalva Papuaşvili bildirib.