Şalva Papuaşvili: “Suverenliyin əsas prinsipi odur ki, ölkə xarici siyasətini milli maraqlara əsaslanaraq aparsın; bunu Ermənistan, Azərbaycan və Gürcüstan edir”
“Biz regionumuzda sülhün əsas mərkəzlərindən biri və fərqlənən ölkə kimi bütün qonşularımızla mövqelərimizi gücləndirmək üçün uyğun münasibətlər qurmağı planlaşdırırıq”, – bu barədə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili jurnalistlərə açıqlamasında bildirib.
Papuaşviliyə İran nümayəndə heyətinin Ermənistana səfəri fonunda Gürcüstanda müxalifətin hökuməti İranla əlaqələrə görə tənqid etməsi ilə bağlı sual ünvanlanıb.
O bildirib ki, bu cür yanaşmalar “daxili radikallar” və Co Vilson kimi siyasətçilərin irəli sürdüyü iddiaların absurdluğunu göstərir: “Bəzən pro-İran, bəzən pro-Çin kimi ifadələrdən istifadə edirlər. Görürük ki, eyni regionda yerləşən, oxşar ölçüdə və xarici siyasət prioritetlərinə malik digər ölkələrdə belə iradlar səsləndirilmir. Bu, bir daha göstərir ki, eşitdiyimiz iddialar tamamilə farsdır”.
Papuaşvili qeyd edib ki, regiondakı bütün ölkələr xarici siyasətlərini milli maraqlara əsaslanaraq həyata keçirir və Gürcüstan da istisna deyil: “Bunu Ermənistan edir, bunu Azərbaycan edir və regionumuzdakı bütün ölkələr edir”.
Onun sözlərinə görə, Gürcüstan xarici siyasət məsələlərində heç kimin göstərişinə uyğun hərəkət etməyəcək: “Bizə heç kim diktə edə bilməz ki, region ölkələri ilə münasibətlərimizi necə qurmalıyıq. Biz regionda sabitlik və sülhün əsas mərkəzlərindən biri kimi bütün qonşularımızla münasibətlərimizi milli maraqlarımızı gücləndirmək üçün inkişaf etdirəcəyik”.