Şalva Papuaşvili Serbiya Milli Assambleyasının sədri ilə görüşüb
Şalva Papuaşvili Serbiya Milli Assambleyasının sədri ilə görüşüb

 

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Gürcüstan parlament nümayəndə heyətinin üzvləri ilə birlikdə Serbiya Respublikasının Milli Assambleyasının sədri Vladimir Orliç ilə görüşüb.

Gürcüstan parlamentinin mətbuat xidməti tərəfindən verilən məlumatda tərəflərin Gürcüstan və Serbiya Respublikası arasında tarixi və mədəni əlaqələri vurğuladıqları deyilir.

Şalva Papuaşvili Gürcüstanın ərazi bütövlüyünü dəstəklədiyinə görə Serbiya Respublikasına minnətdarlığını bildirib və Gürcüstanın Serbiyanın ərazi bütövlüyünü dəstəklədiyini təsdiqləyib.

Qeyd olunub ki, Avropa İttifaqına daxil olmaq Gürcüstan və Serbiyanın ümumi məqsədidir. Tərəflər iki ölkənin Avropaya inteqrasiya yolunda irəliləyişindən danışıblar.

Gürcüstan və Serbiyanın Avropa İttifaqı ilə yaxınlaşmasına kömək etmək üçün parlament əməkdaşlığının dərinləşdirilməsinin vacibliyi vurğulanıb.

Gürcüstan parlamentinin nümayəndə heyətinə parlamentin sədri ilə birlikdə Xarici Əlaqələr Komitəsinin sədri Nikoloz Samxaradze, Ətraf Mühitin Mühafizəsi və Təbii Sərvətlər Komitəsinin sədrinin birinci müavini Xatia Tsilosani və “Qirçi” parlament siyasi qrupunun üzvü Aleksandre Rakviaşvili daxildir.