Şalva Papuaşvili Seçki Məcəlləsinə dəyişikliklərlə bağlı birgə sürətləndirilmiş rəyin hazırlanması üçün Venesiya Komissiyasına və ATƏT/DTİHB-ə müraciət edir
Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Venesiya Komissiyasına və ATƏT/DTİHB-ə məktubla müraciət edir.
Məktubda qeyd edildiyi üzrə, Şalva Papuaşvili Venesiya Komissiyasından və ATƏT/DTİHB-dən Seçki Məcəlləsinə dəyişikliklərlə bağlı birgə sürətləndirilmiş rəy hazırlamağı xahiş edir.
“Hörmətli həmkarlar, 2022-ci ilin iyul ayından Gürcüstan Avropa İttifaqının tövsiyələrinin yerinə yetirilməsi prosesindədir. Avropa Şurasının qərarı, verilən tövsiyələrin yerinə yetirilməsindən sonra Gürcüstana Aİ üzvlüyünə namizəd statusunun verilməsini nəzərdə tutur.
Gürcüstan Parlamenti müvafiq dövlət qurumlarının və vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakıyla parlamentdəki siyasi partiyalarla bu prosesə rəhbərlik edir. Sözügedən proses üç səviyyədə baş verir: parlament işçi qrupları, parlament komitələri və plenar sessiya formatında.
Seçki Məcəlləsinə yenidən baxılması üzrə Hüquq Məsələləri Komitəsində yaradılmış İşçi Qrupu parlament siyasi qruplarının üzvləri ilə yanaşı, Mərkəzi Seçki Komissiyasının, Dövlət Audit Xidmətinin və vətəndaş təşkilatlarının nümayəndələrindən ibarət olub. İşçi qrup Seçki Məcəlləsinə həm yeni təşəbbüslər, həm də ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu, Venesiya Komissiyası və Avropa Şurasının korrupsiyaya qarşı mübarizə orqanı – GRECO tərəfindən verilmiş tövsiyələri nəzərə alan dəyişikliklər hazırlayıb.
Hüquq Məsələləri Komitəsi dəyişiklikləri müzakirə edib və parlament isə oktyabrın 5-də çoxpartiyalı dəstək ilə birinci oxunuşda qəbul edib. Parlamentin cədvəlinə əsasən, dəyişikliklərin üçüncü oxunuşda dekabrın 13-də qəbul edilməsi nəzərdə tutulub. Yuxarıda qeyd olunanlardan irəli gələrək, təşəbbüsü qaldırılan dəyişikliklərlə bağlı ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu və Venesiya Komissiyasının birgə sürətləndirilmiş rəyini hazırlamağınızı xahiş etmək istərdim. Sözügedən düzəlişlər və Gürcüstan Parlamentinin Hüquq Məsələləri Komitəsinin rəyi məktuba əlavə olunur”-deyə Şalva Papuaşvilinin məktubunda deyilir.