Şalva Papuaşvili - Rusiyaya qarşı sanksiyalar tətbiq etməyi təklif edənlər əslində bizə risk etməmiz gərəkdiyini və müvafiq olaraq Rusiya ilə mümkün hərbi toqquşmaya getməli olduğumuzu deyirlər
Vizaların tətbiqi, sərhədlərin bağlanması, uçuşların qadağan edilməsi ilə bağlı istənilən addım sanksiyadır və bu, ölkənin Rusiya ilə eskalasiyaya doğru getdiyi mənasına gəlir -bu barədə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili açıqlayıb.
O qeyd edib ki, Rusiyaya qarşı sanksiyalar tətbiq olunarsa, cavab tədbirlərinin olacağı gözlənilir, bu da son nəticədə ölkənin təhlükəsizliyini təhdid edəcək.
“Əslində bu məsələ artıq bir neçə dəfə müzakirə olunub. Yadınızdadırmı, ötən ilin martında müxalifət sərhədin, hava məkanının bağlanması, Rusiya vətəndaşları üçün vizaların tətbiqi məsələsini gündəmə gətirmişdi və bir neçə dəfə bu mövzunu qaldırmışdı. Hər dəfə bu mövzu müzakirə olunanda ictimaiyyət buna cavab verib. Ən əsası isə müxalifətin özü də sonda etiraf etdi ki, Gürcüstanın Rusiyaya qarşı sanksiyalar tətbiq etməsi ölkəmizin maraqlarına uyğun gəlmir. Niyə ? Vizaların tətbiqi, sərhədlərin bağlanması, uçuşların qadağan edilməsi ilə bağlı istənilən addım sanksiyadır və bu, ölkənin Rusiya ilə eskalasiyaya doğru getdiyi mənasına gəlir. Eskalasiya isə, nəticələrini əvvəlcədən proqnozlaşdırmaq mümkün olmayan spirala daxil olduğumuzu nəzərdə tutur. Müvafiq olaraq, əksinə, sanksiyalar tətbiq edərkən, təbii ki, əks-sanksiyaların olacağı , cavab tədbirlərinin olacağı gözlənilir, bu da son nəticədə ölkəmizin təhlükəsizliyinə, ölkəmizin iqtisadi rifahına təhdid olması mənasına gəlir.
Hər kəsə xatırladaq ki, Rusiya ordusu paytaxtdan 30 kilometr, Gürcüstanın qərbi ilə şərqini birləşdirən əsas magistral yoldan isə 500 metr aralıda yerləşir. Bu, ölkəmizin üzləşdiyi ən böyük hərbi riskdir. Bundan əlavə, bilirsiniz ki, Rusiyanın işğalçılıq siyasətindən ilhaq siyasətinə keçməsi də böyük təhlükədir. Belə ki, viza tətbiqini, sərhədlərin bağlanması, uçuşlara qadağa qoyulması, hava məkanının bağlanması və sairə təklif edənlər, yəni Rusiyaya qarşı sanksiyaların tətbiq edilməsini təklif edənlər əslində bizə risk etməmiz gərəkdiyini və müvafiq olaraq Rusiya ilə mümkün hərbi toqquşmaya getməli olduğumuzu deyirlər. Bizə Rusiyaya qarşı sanksiyalar tətbiq etməli olduğumuzu söyləyənlərin heç birinin bizə təhlükəsizlik və ya iqtisadi təhlükəsizlik zəmanəti verməməsi vacibdir”-deyə Şalva Papuaşvili açıqlayıb.