Şalva Papuaşvili - Partiyaların maliyyələşdirilməsində birbaşa və ya dolayı şəkildə iştirak edən donorlara müraciət edirəm, gürcü partiyalarını xarici pullarla maliyyələşdirmələri Gürcüstanın suverenliyinin pozulmasıdır
Mən bütün partiyaları saxta “QHT”ləri ləğv etməyə, xaricdən vəsait köçürülən hesabları ləğv etməyə və gürcü xalqına xidmət etməyə çağırıram. Partiyaların maliyyələşdirilməsində birbaşa və ya dolayı yolla iştirak edən donorlara müraciət edirəm, gürcü partiyalarını xarici pullarla maliyyələşdirmələri Gürcüstanın suverenliyinin pozulmasıdır- bu haqda Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili açıqlayıb.
Papuaşvili bildirib ki, bütün ölkələrdə xarici ianələrin qəbulu qadağandır və bu, qanun pozuntusudur.
“Dünən Sandro Rakviaşvilidən partiyaların saxta “QHT”lər vasitəsilə xaricdən maliyyə cəlb etmək üçün sxem yaratdıqlarına dair etiraf da eşitdik. O, bunu bir qədər qürurla dedi, sanki maliyyə almaq üçün qanunvericilikdə hansısa boşluq tapıblar. Müxalifət, o cümlədən Sandro Rakviaşvili bununla nə dediyini belə başa düşmür. Bununla o deyir ki, gürcü partiyaları xaricdən maliyyələşir. Xarici təşkilatların maaşı ilə oturanda gürcü işi görməyi necə təsəvvür edirlər? Görünür, bu ciddi problemdir. Bir-iki belə halı partiyaların özlərindən bilirik, təsadüfən ağızlarından çıxır. Dünən Sandro Rakviaşvili təsdiqləyib ki, bu ümumi sxem partiyaların maliyyələşdirilməsidir.
Bütün ölkələrdə olduğu kimi xarici ianələrin qəbulu qadağandır. Bu, təkcə qanun pozuntusu deyil, həm də suverenliyə qarşı təhqirdir. Onlar dərk etmirlər ki, dövlətlər öz mənafeyindən, öz xalqının mənafeyindən çıxış edir, siyasi partiyalar isə yalnız öz xalqının, ölkənin mənafeyindən çıxış etməyə borcludurlar. Siyasi partiya xarici təşkilatın maaşı ilə oturanda başqa təşkilatın və ya ölkənin maraqlarından çıxış edir. Görünür, müxalifət partiyalarının sanksiyalardan söhbət gedəndə və vəsait aldıqları başqa ölkələrin maraqlarına uyğun, lakin Gürcüstanın maraqlarına zidd olanda niyə səssiz qalmaları problemi budur. Xaricdən maliyyələşmənin şəffaflığı haqqında qanun müzakirə olunanda niyə susdular? Belə böyük ajiotaj, zorakılıq, o cümlədən parlamentə od vurmaları sən demə nəyə görə imiş. Onlar başa düşüblər ki, gürcü partiyalarının xaricdən necə maliyyələşməsinin sxemləri üzə çıxacaq.
Gürcü siyasətində xarici maliyyələşdirmə və xarici ölkələrin pulunun heç bir işi ola bilməz. Həmçinin, mən bu sxemin iştirakçıları olan və dolayı və ya birbaşa partiyaların maliyyələşdirilməsində iştirak edən donorlara müraciət etmək istərdim -gürcü partiyalarını xarici pullarla maliyyələşdirmələri Gürcüstanın suverenliyinin pozulmasıdır. Mən onlara çağırış edirəm, bu, təkcə etika məsələsi deyil, beynəlxalq öhdəlikdir. O cümlədən beynəlxalq yardımla bağlı Paris Bəyannaməsi var, bəyannamədə bütün donorların öz hərəkətlərinə görə cavabdeh və məsuliyyət daşıması gərəkdiyi deyilir” – Şalva Papuaşvili açıqlayıb.